[b]“İstəsələr, qayıdaram” - Mehman Allahverdiyev[/b]
25.05.2018 - 00:00
[b]“İstəsələr, qayıdaram” - Mehman Allahverdiyev[/b]

Veteran futbolçu Mehman Allahverdiyevin apasport.az saytına müsahibəsi

 

- Uzun müddətdi sevimli peşənizdən uzaq düşmüsünüz. Futbolsuz nəfəs almaq çətin deyil?

- Düzü, elə bir iş yoxdu. Həyatımız ancaq futbolla bağlı olub. Gözləyirik, Allah qismət eləsə, işləyərik. Futbolsuz nəfəs almaq şəxsən mənim üçün çox çətindi. 10 yaşından futbolla məşğul olan və bütün həyatını bu sahəyə həsr edən adam düşünün. “Neftçi”də və “Kəpəz”də oynadığım vaxtlar çox şeylər görmüşəm. “Kəpəz”in baş məşqçisi olanda o boyda uğurlara imza atmışıq. Həyatım həmin uğurlarla, sevinclərlə zənginləşib. Gecə-gündüz yalnız futbolu düşünürəm.

 

- Qeyd etdiyiniz kimi, “Kəpəz”lə titullar qazanmısınız. Bunun müqabilində işsiz qalmağınız sizə ağır gəlmir?

- Çox ağırdı. Əlbəttə ki, adama təsir edir. Bunu sözlə ifadə etmək qeyri-mümkündü. Gecələr gözümə yuxu getmir, elə hey fikirləşirəm ki, bu qədər uğurun fonunda indi niyə işsiz qalmışam?

 

- Sevimli komandanız “Kəpəz” də ağır vəziyyətdədi. “Kəpəz”in geridə qalan mövsümdəki çıxışı sizi üzmədi?

- Çempionat başlayandan sona qədər komanda axırıncı yerdə getdi. “Kəpəz”lə vaxtilə uğurlar qazandığımdan, indi azarkeşlər, dost-tanış, qohum-əqrəba görəndə soruşur ki, komanda niyə belə zəif çıxış edir? Futboldu, olan şeydi. Hansısa komanda 8-ci yeri tutmalı idi.

 

- Gəncəli azarkeşlər artıq illərdi komandanı aşağı sıralarda görməyə öyrəşiblər...

- Bilirsiniz, dünyanın bütün sahələrində hər şey maddi vəziyyətlə bağlıdı. Maliyyə dəstəyin yaxşı olarsa, komandan bir o qədər güclü çıxış edər. “Çelsi”nin Roman Abramoviç ora gedənə qədərki nəticələri göz qabağındadı. Abramoviçin gəlişindən sonra bu komanda kifayət qədər uğurlar qazandı. Maliyyəsi yaxşı olduğu üçün güclü futbolçular ala bilir. Azərbaycanda isə hərtərəfli güclü olan iki komanda var: “Qarabağ” və “Qəbələ”. Digərlərinin maliyyə dəstəyi “Qarabağ” və “Qəbələ” qədər olsaydı, oyunlar daha maraqlı keçərdi. Yəni hər şey sponsordan asılıdı. Gərək klubun şəxsi sponsoru olsun, güclü maliyyə ayırsın.

 

- “Kəpəz” bu mövsüm tarixinin ən zəif nəticəsini göstərdi. Bunun günahını kimdə axtarmaq lazımdı?

- Bu suala mən nə cavab verim? Bunu klub rəhbərliyindən soruşmaq lazımdı. Komandaya ilk yarıda Şahin Diniyev, daha sonra isə Yunis Hüseynov rəhbərlik etdi. Yaxşı komanda qurmaq məşqçi üçün də çətindi. Deyə bilərsiniz ki, “Keşlə”nin də baş məşqçisi dəyişdi. Düzdü, onlar da 6-cı yeri tutdular. Ancaq ikinci yarıda daha çox xal topladılar, ölkə kubokunda finala yüksəldilər. Fikir verin, “Kəpəz”in bu uğursuz çıxışına görə futbolçulara heç nə deyilmir. Həmişə rəhbərlikdən irad tutulur. Qalib gələndə komandanın aktivinə yazılır, məğlub olanda rəhbərliyin. Klubun daxilində olmadığım üçün günahın kimdə olduğunu bilmirəm.

 

- “Kəpəz” böyük ehtimalla elitanı tərk edəcək və Gəncə növbəti dəfə futbolsuz qala bilər...

- Bu, Azərbaycan futbolu üçün ağır olar. Qərb zonasında başqa komanda yoxdu, oranın gözü Gəncədi. Ölkənin ikinci şəhəri kimi, qazandığı titullara, yetişdirdiyi futbolçulara görə, “Kəpəz”in yüksək liqada olması futbolumuza yalnız xeyir verər. Amma indi vəziyyət çox ağırdı. Təəssüf ki, komanda mövsümü son sırada tamamladı. Axırıncı yeri tutan da reqlamentə görə, I diviziona düşməlidi. Ancaq yenə də ümidimizi itirmirik, “Kəpəz”in Premyer Liqada qalmasını arzulayırıq. İnsan çox şey istəyə bilər, amma istəkdən asılı olmayan amillər var. Komanda Premyer Liqada qalsa, əla olar. Gəncədə futbol olanda maraq da böyük olur. Orda azarkeşlər futbolu sevirlər. Komandanın sonuncu yeri tutacağı dəqiqləşəndən sonra da çox sayda azarkeş oyunlara gəlirdi.

 

- “Kəpəz”i dirçəltmək təklifi gəlsə, yenidən qayıdarsınızmı?

- Əlbəttə, istəsələr, qayıdaram. Çünki Gəncə futbolunda tarix yazmışam, iz qoymuşam və həyatım bu idman növünə bağlıdı. 20-25 min azarkeşə o qədər sevinc bəxş etmişik, qızıl medallar qazanmışıq. Bəzən 2:0, 3:0 qalib gəldiyimiz oyunlardan da azarkeşlər narazı qalırdılar. Hətta bir mövsüm “qızıl dubl” etdik, nə kubokda, nə də çempionatda məğlubiyyət üzü gördük. Bu rekordu hələ də təkrarlayan olmayıb.

 

- “Kəpəz” də əksər komandalar kimi, AFFA tərəfindən maliyyələşir. Gəncədə kluba himayədarlıq edəcək bir iş adamı yoxdumu?

- “Kəpəz”ə himayədarlıq edən adam gərək futbolu sevsin. Həm də elə-belə biznes olmamalıdı. Futbol klubunu saxlamaq asan iş deyil. İndi futbolda milyonlar tələb olunur. Elə sponsor ola bilər ki, 1-2 il komandanı saxlayar, sonra gücü çatmaz. Nəinki “Kəpəz”, hazırda digər klublarımız da maddi baxımdan çətinlik çəkirlər. Yaxşı maliyyə olsa, güclü oyunçular transfer edilər, futbol daha da maraqlı olar.

 

Ruslan SADIQOV

0