[b]Yelena Şabovta: Azərbaycan qrup birincisi olmalıdı – MÜSAHİBƏ[/b]
25.05.2018 - 10:20
[b]Yelena Şabovta: Azərbaycan qrup birincisi olmalıdı – MÜSAHİBƏ[/b]

Azərbaycan millisinin sabiq voleybolçusu və meneceri Yelena Şabovtanın apasport.az saytına müsahibəsi

 

- Yığmamız Qızıl Avropa Liqasında ikinci matçını keçirib, ikinci qələbəsini qazandı. Komandamızın çıxışını necə dəyərləndirərdiz?

- Azərbaycan yığmasın çox dəyişikliklər olub. Faiq Qarayev bu matçlarda bütün gənclərə baxmaq və onlara özlərini göstərmək şansı vermək istəyir. Bu səbəbdən də oyun keyfiyyəti bir az xoşuma gəlməsə də, komandamızın sonadək mübarizə aparması xoşdu.

 

- Voleybolçularımız hər iki oyunda ilk setdə məğlub olduqdan sonra görüşü asan qazanırlar. Bunu nə ilə əlaqələndirərdiz?

- Bunun nə ilə bağlı olduğunu deyə bilmərəm. Çünki onların hazırlığı və rəqibin təhlili barədə məlumatsızam.

 

- Siz də qeyd etdiyiniz kimi, Faiq Qarayev yığmanın liderlərinə istirahət verib. Gənclərin çıxışı barədə nə deyə bilərsiz?

- Bu gənclərin hamısını yaxşı tanıyıram. Bəziləri “artırır”, bəziləri isə eyni səviyyədə qalıb. Mənə daha çox onların meydanda bir-birinə münasibəti xoş gəldi. Səhvlər etsələr də, bir-birini dəstəkləyir və sonadək mübarizə aparırdılar.

 

- Bəs onlar arasında xüsusi fərqləndirə biləcəyiniz oyunçular varmı?

- Heç kimi fərqləndirmək istəməzdim. Bütün qızlardan razı qaldım. Kimdəsə bir az yaxşı alınırdı, kimdə də bir az pis. Əsas mübarizə və yığmada iştirak etmək istəyidi.

 

- Komandamızın növbəti oyunu Bolqarıstanla olacaq. Son zamanlar bizim üçün prinsipial rəqibə çevrilən komanda ilə görüş çətin olmayacaq ki?

- Bolqarlar heç vaxt zəif komanda olmayıb. Amma dəyişkən oyun göstərirlər. Əgər millimiz servisdə və qəbulda artırmasa, onda qalib gəlmək çətin olacaq.

 

- Ümumilikdə Portuqaliya, Ukrayna və Bolqarıstanla birgə yer aldığımız A qrupundakı və yarışdakı şanslarımızı necə qiymətləndirərdiz?

- Biz bu qrupda birinci olmalıyıq. Əminəm ki, voleybolçularımız oyundan-oyuna daha yaxşı çıxış edəcəklər.

 

- Bəs sizin dövrlə hazırkı zamanı müqayisə etsəz, komandada hansı dəyişikliklər baş verib?

- Bizim yüksək səviyyədə yerinə yetirdiyimiz sürətli kombinasiyalı oyun yoxdu. İndi əksəriyyət güc voleyboluna və bir hücumçuya üstünlük verir. Bu gün meydanda 6 oyunçu və 1 libero, həmçinin 7 ehtiyat voleybolçunun olduğunu unudublar. Onları da oyuna qoşmaq və yararlanmaq vacibdi. Bunun üçün yaxşı daxili çempionat da olmadı ki, gənclər mütləq meydana çıxsınlar.

 

- Bəs yığmada menecer postundan ayrıldıqdan sonra voleybolçularımızı izləyirsizmi?

- Əlbəttə, onların çıxışı daim diqqətimdədi. Bu, mənim işimdi və bu barədə kifayət qədər danışmaq olar. Bunun çoxlu müsbət tərəfləri olduğu kimi, müəyyən mənfi tərəfləri də var.

 

- Bəs Türkiyədə yaşaya-yaşaya yığmadakı oyunçularımızla işləyirsiz?

- Bəli. Bu sahədə hər şey əladı və işlərim heç vaxt pis olmur. Əvvəlki qaydada menecerliyimi davam etdirirəm. Artıq təqaüdə çıxmağa hazırlaşıram.

 

- Sirr deyilsə, Bakıya səfərinizin səbəbini bilmək olarmı?

- Burda heç bir sirr yoxdu. Hər şey göz qabağındadı. Əgər baxmalı nəsə varsa, mən gəlirəm. Həm də oyunçularla ünsiyyətdə oluram. Özü də tək işlədiyim voleybolçularla yox. Uzun illər birgə çalışdığım insanlarla, həmçinin tanışlarla görüşmək həmişə xoşdu. Çünki xatırlanası şeylər çoxdu.

 

- Voleybolçularımızın legioner həyatı barədə nə deyə bilərsiz? Sizcə liderlər Türkiyə Sultanlar Liqasında qala biləcəklərmi?

- Əlbəttə, mümkündü. Niyə də yox?

 

- Yığmamızı qarşıda dünya çempionatı gözləyir. Mundialda nəyə ümid edə bilərik?

- Düşünürəm ki, dünya çempionatında sürpriz ola bilər. Bir çox yığmalar gəncləşir. O cümlədən də, bizim milli komanda. Ümid edirəm ki, voleybolçularımız təcrübə toplayıb, yaxşı oyun göstərəcəklər. Təcrübəlilər də onlara bir az kömək edəcək. Yığmamız ilk “səkkizlik”yə düşməlidi. Bu, bizim üçün dünya arenasında ilk addım olacaq.

 

 

0