Milli komandanın rəisi: “Avropa çempionatının qrup mərhələsinə yüksəlmək pis nəticə deyil”
03.06.2008 - 15:22
Milli komandanın rəisi: “Avropa çempionatının qrup mərhələsinə yüksəlmək pis nəticə deyil”
Bakı. Kənan Həsənov - APA-Sport. “Milli komandanın Avropa çempionatının qrup mərhələsindəki çıxışını dəyərləndirmək çox çətindir. Çünki voleybolçularımız keçirdikləri oyunların hamısında məğlub olublar”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın kişilərdən ibarət voleybol yığmasının rəisi Nazim Allahverdiyev söyləyib. N.Allahverdiyev komandanın uğursuzluğunu təcrübəsizliklə izah edib: “Bəxtsizlikdən yarış ərəfəsində komandamızın lideri Fərid Cəlalov ciddi zədələndi və Türkiyədə cərrahiyyə əməliyyatı oldu. Heyətimizin əsasını da gənc voleybolçular formalaşdırıb. Onlar ölkə çempionatından başqa yarışda iştirak etmirlər. Yəni lazımi beynəlxalq oyun təcrübələri yoxdur. Belə vəziyyətdə isə ciddi nəticə üçün oynamaq mümkün deyil. Komandamızın Avropa çempionatının qrup mərhələsinə yüksəlməsi də pis nəticə deyil”.
Qeyd edək ki, Sahib Əliyevin rəhbərlik etdiyi milli komandamız qrupda keçirdiyi altı oyunda məğlub olaraq Avropa çempionatının final mərhələsinə yüksələ bilməyib.
0