[b]38 ölkədən 89 legioner: “Qarabağ”la “Neftçi” hamıdan öndə[/b]
25.05.2018 - 12:30
[b]38 ölkədən 89 legioner: “Qarabağ”la “Neftçi” hamıdan öndə[/b]

Topaz Premyer Liqasının başa çatan 2017/18 mövsümündə 89 legioner çıxış edib. Apasport.az saytının məlumatına görə, 8 klubun 28 tur ərzində güvəndiyi 221 oyunçudan 73-ü legioner statusu ilə çıxış edibsə, yerli statusu alan 16 legioner milliləşən kimi yarışa qatılıb.

 

Ən azı 1 oyun keçirən bu 89 əcnəbi 38 müxtəlif ölkəni təmsil edib. Bu göstəricidə Rusiya rekordçudu. Lakin şimal qonşularımızın bütün futbolçuları milliləşib. Belə oyunçuların sayı 11-di.

 

Ukraynadan 8, Braziliyadan 7 əcnəbi TPL-də meydana çıxıb ki, bu ölkələrin hərəsinin 1 təmsilçisi Azərbaycan vətəndaşlığına da malikdi. Fransa və Serbiyanın hərəsindən 4 legioneri çıxış etdiyi çempionatımızda Hollandiya, Haiti, Paraqvay, İspaniya, Mali, Nigeriya, Rumıniyadan 3 oyunçu top qovub. Lakin paraqvaylılardan ikisinin həm də İtaliya vətəndaşı olduğu, həmçinin Hollandiya təmsilçilərindən birinin bu ölkəyə məxsus Kurasaonun yığmasında yer alması da vurğulanmalıdı.

 

8 ölkədən olan futbolçuların sayı isə 2-yə bərabərdi. Bunlar Argentina, Gürcüstan, Kamerun, Moldova, Trinidad və Tobaqo, Türkmənistan, Xorvatiya və Almaniyadı. Lakin almaniyalıların hər ikisi bu ölkənin yetirməsi olan, sonradan yığmalarımızın milliləşdirdiyi futbolçulardı.

 

Digər 18 ölkənin TPL-də yalnız bir təmsilçisi olub. Bu ölkələr Albaniya, Bosniya və Herseqovina, CAR, Çexiya, Çili, Kolumbiya, Litva, Makedoniya, Norveç, Polşa, Qambiya, Qana, Qvineya-Bissau, Seneqal, Şotlandiya, Uqanda, Yamayka və milliləşən legionerə malik Türkiyədi.

 

Çempionatda çıxış edən bütün klubların heyətində legioner meydana çıxıb. Düzdü, “Sumqayıt”dakı yeganə belə oyunçu milliləşən rusiyalı olduğundan bu komandanı əcnəbisiz də hesab edənlər var.

 

Rekord isə “Qarabağ”a məxsusdu. Ağdam təmsilçisi çempionluğa 15 legionerlə qovuşub. Ölkənin digər köklü və iddialı klubu “Neftçi” ikinci yerdədi – 14 əcnəbi. “Səbail” 13, “Qəbələ” və “Keşlə” 12, “Kəpəz”lə “Zirə” 11 legionerdən yararlanıb. Təbii ki, bu klublarda da milliləşənlər nəzərə alınıb.

 

 

0