[b]Son 3 mövsümün ən yaxşısı: “Qarabağ” geri düşdü[/b]
25.05.2018 - 14:52
[b]Son 3 mövsümün ən yaxşısı: “Qarabağ” geri düşdü[/b]

Topaz Premyer Liqasının 2017/18 mövsümündə 255 qol vurulub. Apasport.az saytının məlumatına görə, 112 matçın keçirildiyi turnirdə orta məhsuldarlıq 2,28-ə bərabərdi.

 

Bu da son üç mövsüm üçün rekord göstəricidi. 2017/18 mövsümü 2015/16 və 2016/17 mövsümlərini arxada qoymağı bacarıb.

 

Lakin tarixə nəzər salsaq, yeni başa çatan çempionat ən az qol qeydə alınan 5 mövsümdən biridi. Yəni, “Qarabağ”ın 6-cı çempionluğu ilə başa çatan mövsüm 26 yarış arasında məhsuldarlıqda 21-cidi.

 

Mütləq rekord isə 2000/01 mövsümünə təsadüf edir. Həmin vaxt bu rəqəm 3,15 olub. 1995/96-da da “3” səddi keçilib – 3,07.

 

Antirekord isə 2010/11 mövsümündə yaşanıb. Həmin vaxt məhsuldarlıq “2”dən də aşağı olub – 1,98.

 

Son mövsümün 255 qoluna baxsaq, mükafatçı komandalar hamıdan öndə qərarlaşıb. “Qəbələ” 43, “Neftçi” 39, “Qarabağ” 37 qol vurub. Göründüyü kimi son çempion gümüş və bürünc mükafatçıdan geri düşməklə rəqiblərinin hərəsinin bir pillə irəliləməsinə imkan verib.

 

Digər 5 komandanın isə turnir cədvəlindəki mövqeyi ilə məhsuldarlığı düz mütənasibdi. “Zirə” 36, “Sumqayıt” 34, “Keşlə” 29, “Səbail” 19, “Kəpəz” 18 dəfə fərqlənib.

 

Qeyd edək ki, 255 qoldan 129-nu meydan sahibləri, 126-nı qonaqlar vurub. I hissədə 121, fasilədən sonra 134 qol qeydə alınıb.

0