Azərbaycan futbolçuları sabah ilk dəfə xaricdə tibbi müayinədən keçəcəklər
05.06.2008 - 10:56
Azərbaycan futbolçuları sabah ilk dəfə xaricdə tibbi müayinədən keçəcəklər
Bakı. Aqşin Əliyev - APA-Sport. İyunun 4-də səfərdə Andorra ilə beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınamış Azərbaycan yığması Almaniyanın Frankfurt şəhərinə yollanıb. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi İnternet saytına istinadən verdiyi məlumata görə, milli komandamızın Frankfurta getməsində əsas məqsəd tibbi müayinə ilə bağlıdır. Belə ki, Berti Foqtsun yetirmələri sabah fiziki hazırlıqdan test verəcəklər. Hazırda yığmanın heyətində yer alan 25 futbolçu xüsusi həkimlərin nəzarəti altında fiziki güc, ürək-damar, tənəffüs sistemi və digər daxili orqanlarından müayinə olunacaqlar. Bu, Azərbaycan futbolu tarixinə milli komanda üzvlərinin xaricdə keçdiyi ilk tibbi müayinə kimi düşəcək.
Qeyd edək ki, analoji müayinədən bu ilin martında 17, 19 və 21 yaşlılardan ibarət yığmamız keçib. Həmin vaxt almaniyalı həkimlər Roland Ştutç və Enrix Diter yeniyetmə və gənc futbolçuları Bakıda müayinə etmişdilər.
0