Azərbaycan yığması 3 hissəyə bir qol vurur
05.06.2008 - 12:48
Azərbaycan yığması 3 hissəyə bir qol vurur
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandası tarixində 24-cü dəfə bir oyunda 2 və ya daha çox qol vurmağı bacarıb. “APA-Sport” agentliyinin məlumatına görə, Andorra ilə səfərdə keçirilən yoldaşlıq görüşündə 2:1 hesabı ilə qalib gələn yığmamız bunadək 23 dəfə ən azı belə məhsuldarlıq göstərib. Tarixi ərzində 141 matç keçirən seçmə komandamız bu qarşılaşmalarda cəmi 94 qol vurub. Bunlardan 9-u, yəni 9,6 faizi legionerlərin payına düşüb. Yoxlama matçlarında komandamızın vurduğu 67 qoldan 7-nə, yəni 10,4 faizinə gəlmə oyunçular imza atıb. Dünya və Avropa çempionatlarının seçmə oyunlarındakı 27 qolun 7,4 faizi – 2-si də legionerlərin hesabına yazılıb.
Komandamızın məhsuldarlığına gəlincə, 141 matçda 94 qola sevinən futbolçularımız orta hesabla hər 135 dəqiqədən bir rəqibi məyus edib. Bu isə yığmanın bir qol üçün bir oyun və ikincinin yarısını keçirməsi deməkdir. Bir sözlə, millimiz üç hissədən bir qol vurur. Futbolçularımızın yoldaşlıq görüşlərindəki məhsuldarlığı diqqət çəkir. 73 görüşdə 67 topa imza atan komandamız 98 dəqiqəyə bir qol vurur. Seçmə mərhələlərdə bu rəqəm daha yüksəkdir. Belə ki, milliyə 5 hissə də qol üçün kifayət etmir. 68 qarşılaşmada 27 top vuran yığmamız orta hesabla hər 226 dəqiqə 40 saniyəyə istəyinə çatır.
Qeyd edək ki, Azərbaycan seçmə komandası tarixi ərzində vurduğu topların 71,3 faizini yoxlama matçlarında rəqib qapısından keçirib.
0