Azərbaycan çempionunun “Fənərbaxça” və “Olimpiakos”la nəzərdə tutulan yoxlama görüşləri baş tutmayıb
05.06.2008 - 13:33
Azərbaycan çempionunun “Fənərbaxça” və “Olimpiakos”la nəzərdə tutulan yoxlama görüşləri baş tutmayıb
“İyunun 29-dan iyulun 14-dək Avstriyada hazırlıq keçməli idik. Püşkatmaya əsasən, Çempionlar Liqasında ilk oyunu rəqib meydanında keçirməli olsaydıq, Avstriyadan birbaşa həmin ölkəyə yollanmaq nəzərdə tutulmuşdu. Ancaq vizaların açılması vaxt apardığından, bu səfərdən imtina etdik. Hazırda Türkiyə, Birləşmiş Ərəb Əmirliklərində çox isti olduğu üçün orada hazırlıq münasib deyil. Bolqarıstana isə yollanmaq vaxt baxımından problem yaradır. Belə ki, Bakıdan Sofiyaya birbaşa hava reysi olmadığından, səfərə gedib-gəlmək çox vaxt aparır. Vaxt azlığı ilə əlaqədar rəhbərliklə məsləhətləşib, Çempionlar Liqasına Azərbaycanda hazırlaşmağı qərara aldıq”. Hazırlıq müddətində yoxlama oyunlarına xüsusi diqqət yetirən V.Xodukin Avstriyada bu planda daha yaxşı imkanların olduğunu gizlətməyib: “Avstriyaya yollansaydıq, daha güclü klublarla qüvvəmizi sınaya biləcəkdik. Belə ki, oraya hazırlığa gələcək Almaniya təmsilçiləri ilə yanaşı, Türkiyənin “Fənərbaxça” və Yunanıstanın “Olimpiakos” klubu ilə matç keçirməyi razılaşdırmışdıq. Ancaq indi məni Çempionlar Liqasına yaxşı hazırlaşmaq maraqlandırır. Adlı-sanlı klublarla görüşmək naminə hazırlıq planlarını poza bilmərəm”. Ölkə daxilində təlim-məşq toplanışı üçün artıq konkret məkan müəyyənləşdiklərini deyən ukraynalı çalışdırıcısı Zaqatalada şəraitin münasib olduğunu söyləyib: “Bildiyimə görə, yenidənqurma işləri görülən Zaqatala stadionu artıq iyunun 15-dən tam istifadəyə veriləcək. Biz isə hazırlıq məqsədilə iyunun 20-də bir araya gələcəyik. 3-4 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Azərbaycanda qaldığımız üçün Gürcüstan komandalarına dəvət göndərməyi planlaşdırmışıq. Tiflisin “Dinamo” klubu bizə rəqib düşməsə, bu komanda ilə, əks təqdirdə 2-ci yeri tutaraq, UEFA kubokuna vəsiqə qazanan “Vit-Corciya” ilə qüvvəmizi sınamaq fikrindəyik”.
0