Berti Foqts: “Futbolçular öz bildikləri kimi oynadılar”
06.06.2008 - 11:22
Berti Foqts: “Futbolçular öz bildikləri kimi oynadılar”
- Azərbaycan milli komandası rəhbərliyiniz altında ikinci oyununu keçirdi. Yığmaya dəvət olunan futbolçular barədə fikirlərinizi bilmək istərdik...
- Komanda barədə fikirlərim nikbindir. Böyük problemlərimiz futbolçuların fiziki durumu ilə bağlıdır. Futbolçular çox məşq etməlidirlər.
- Verdiyiniz tapşırıqların meydanda icra olunması hansı səviyyədə idi?
- Andorra yığması ilə birinci hissədəki oyunla razıyam. Amma ikinci hissədə futbolçular yalnız nəticəni qorumağa çalışırdılar. Onlar öz taktiki düzülüşlərini yaddan çıxarmamalıdırlar.
- Müəyyənləşdirdiyiniz taktikanı oyun vaxtı futbolçular necə yerinə yetirdi?
- Birinci hissədə taktikaya uyğun oyun oldu. İkinci hissədə isə öz bildikləri kimi oynadılar. Hesabı qorumaq naminə arxaya çəkildilər.
- Futbolçularımızın beynəlxalq futbol təfəkkürü, futbola baxışı barədə nə deyə bilərsiniz?
- Bu sahədə hələlik başlanğıcdayıq. AFFA rəhbərliyinin və klub məşqçilərinin köməkliyinə ehtiyacım var. Futbolçular çox məşq etməlidirlər.
- Komandada daha çox hansı mövqenin möhkəmləndirilməsinə ehtiyac var?
- Ən böyük problem odur ki, bizdə solaxay futbolçular yoxdur. Müdafiədə və yarımmüdafiədə hücuma yüksək səviyyədə qoşula bilən futbolçularım olsaydı, sevinərdim.
- Milli komanda üzvlərinin gündə iki dəfə məşq etməsinin vacibliyini bildirmisiniz...
- Beynəlxalq səviyyədə futbolçular gündə 4-5 saat məşq etməlidirlər. Azərbaycanda isə saat yarım, ən uzağı iki saat məşq olur. Bununla kifayətlənmək olmaz.
- Bu sistem klublarda da tətbiq olunacaqmı ?
- Bu, klubların məşqçilərindən asılıdır. Mən ümid edirəm ki, tibbi müayinədən sonra çatışmazlıqların hansı sahədə olduğu bilinəcək və onların aradan qaldırılması üçün yollar müəyyənləşəcək. Mən bu barədə AFFA rəhbərliyinə müraciət edəcəyəm və klub məşqçiləri ilə görüşərək fikirlərimi onlara çatdıracağam.
- Siz milli komandanın ayda 10-12 gün toplanış keçirməsini təklif etmisiniz. Premyer Liqa və kubok oyunlarının təqvimi tərtib olunarkən bu kimi məsələlər nəzərə alınacaqmı?
- Artıq bununla bağlı proqramımı vermişəm. Ümid edirəm ki, millinin toplanışları ilə bağlı hansısa problemlə qarşılaşmayacağıq.
- Hər bir müstəqil ölkənin beynəlxalq aləmdə tanınmasında idmanın da böyük rolu var. Bu mənada milli komandanın baş məşqçisi kimi sizin də üzərinizə mühüm vəzifələr düşür...
- Mən bu sahədə də üzərimə düşən məsuliyyəti yetərincə dərk edirəm. Bunun üçün biz futbolla daha ciddi şəkildə məşğul olmalıyıq ki, yaxşı nəticələr əldə edək.
- Almaniyadan olan məşqçilərin ölkəmizdə çalışması alman təcrübəsinin tətbiqinə nə kimi zəmin yaradır ?
- AFFA ilə Almaniya Futbol İttifaqı arasında əməkdaşlıq haqqında müqavilənin imzalanmasını bu sahədə müsbət addım kimi dəyərləndirirəm. Uşaq məşqçiləri ilə bağlı bu əməkdaşlığın genişləndirilməsini futbolun inkişafı yolunda müsbət addım hesab edirəm. Bu kimi məsələlərdə Almaniya Futbol İttifaqının rəhbərliyi də maraqlıdır.
- Futbolçuların psixoloji durumu və bu sahədə psixoloqun rolu hansı səviyyədədir?
- Qısa vaxt ərzində bunu dəyərləndirmək tezdir. Bir neçə gündən sonra bunun nəticəsini hiss etmək mümkündür. Futbolçuların bir neçəsi ilə Bakıda görüşəcək, psixoloqla bir daha söhbət edəcəyəm. Müasir idmanda psixoloqa böyük ehtiyac duyulur.
- Futbolçuların tibbi müayinədən keçirilməsi hansı zərurətdən yarandı?
- Müayinənin nəticəsindən sonra biləcəyəm ki, klublarda millinin hər bir üzvünə hansı istiqamətdə məşqlər keçirilməlidir. Çünki bu vaxt futbolçuların çatışmazlıqları üzə çıxacaq. Mən əminəm ki, bu, tullanmaqda, yerindən sürət götürməkdə və digər sahələrdə konkret nəticələr verəcək. Bunun nəticələrindən asılı olaraq hər bir futbolçu üçün xüsusi məşq proqramı tətbiq olunacaq.
- Sizcə, millinin üzvlərinin Almaniya klublarına transfer olunması mümkündürmü?
- Bu ilkin olaraq futbolçunun özündən asılıdır. Mənə elə gəlir ki, bir-iki futbolçumuz Almaniyanın ikinci liqasında çıxış edən və yaxud birinci liqanın aşağı hissəsində mövqe tutan komandalara cəlb oluna bilər.
- Milli komandanın baş məşqçisi kimi bunun üçün nə edə bilərsiniz?
- Almanlar öz menecerlərini dünyanın hər yerinə göndərirlər. Əminəm ki, Andorra ilə oyunu bu məqsədlə də izləyən olub.
- Qələbə üçün azarkeş dəstəyinə də böyük ehtiyac duyulur...
- Bəli, azarkeş dəstəyini də artırmaq lazımdır. Çünki azarkeş özünü 12-ci futbolçu hiss etməlidir. Komandaya hər an dəstək verməlidir. Bu və digər amilləri nəzərə alaraq, Uels, Finlandiya və Lixtenşteynə qarşı oyunları Lənkəran şəhərindəki balaca stadionda keçirməyə çalışacağıq. Çünki stadionun atmosferi futbolçular üçün cox vacibdir. Belə stadionlarda azarkeş dəstəyi futbolçulara xüsusi güc verir və nəticəyə müsbət təsir edir.
0