Azərbaycan Premyer Liqasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTOSESSIYA
09.06.2008 - 19:04
Azərbaycan Premyer Liqasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTOSESSIYA
AFFA-nın baş katibi Elxan Məmmədovun giriş sözü ilə açdığı tədbirdə Premyer Liqanın 2007/08 mövsümü ilə bağlı videoçarx nümayiş olunub. Ardınca AFFA prezidenti Rövnəq Abdullayev çıxış edib: “Çox ağır, həm də maraqlı mövsümün şahidi olduq. Rəqabət son turadək qaldı. Yalnız uzun müddət turnir cədvəlinə liderlik edən “Olimpik”in son turda büdrəməsindən sonra “İnter” çempion oldu. “Olimpik” belə sonluğa görə ruhdan düşməsin. Bir neçə il əvvəl yaranan komanda üçün ikinci yer də uğur sayılmalıdır. “İnter” də mövsüm ərzində yaxşı oyun göstərib sonda hamıdan güclü olduğunu sübut etdi. “Neftçi” yenə mükafatçılar sırasında olmaqla, Azərbaycan futbolunun flaqmanı olduğunu sübuta yetirdi. Çempionatın səviyyəsinin artması bizi sevindirir. Yığmadan da eyni şeyi gözləyirik. Berti Foqtsun rəhbərliyi altında ilk iki oyun buna ümid verir. Qarşıdakı avrokubok oyunlarında həm bu üç mükafatçıya, həm də “Xəzər-Lənkəran”a uğurlar arzulayır, onlardan qələbə gözləyirik”. R.Abdullayevin çıxışından sonra mükafatlandırma mərasimi başlayıb. Öncə çempionatın ən sərrast futbolçusu Xaqani Məmmədov bombardir üçün hazırlanan kubokla təltif olunub. R.Abdullayev ona müraciətdə “Kuboku gələn mövsümdə də özündə saxlamağa çalış. Lakin 19 yox, 25 qol vur” dedi. Bundan sonra “Neftçi”, “Olimpik”, ən sonda çempion “İnter” klubunun üzvləri fəxri kürsüyə qalxıb medallara qovuşublar. Tədbirin sonunda mükafatçı komandaların kapitanları və klub prezidentləri zala daxil olan tortu kəsiblər.










0