Cahangir Həsənzadə: “Şəhərdə axırıncı olmaqdansa, kənddə birinci olmaq daha yaxşıdır”
10.06.2008 - 12:15
Cahangir Həsənzadə: “Şəhərdə axırıncı olmaqdansa, kənddə birinci olmaq daha yaxşıdır”
Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun qapıçısı Cahangir Həsənzadə deyib. Növbəti mövsüm başqa klubda çıxış edəcəyini bildirən 29 yaşlı futbolçunun sözlərinə görə, ehtiyatda qaldığından Azərbaycan yığmasında da yerini itirib: “Qapıçı üçün oyun praktikası çox vacibdir. “İnter” klubunda mövsüm boyu ehtiyatda qaldım. Bu, yığma karyerama öz mənfi təsirini göstərdi. Qarşıdakı mövsümdə oyunumla mövqeyimi qaytarmaq iddiasındayam”. “İnter”də çıxış etdiyi son bir ildə kuboku da nəzərə alsaq, cəmi 7 oyun keçirən C.Həsənzadə karyerasını ölkə xaricində davam etdirmək istəyir. Vaxtilə Ukraynanın “Volın” və “Tavriya” klublarında çıxış edən qapıçı yenidən bu ölkədə çıxış etməyin əleyhinə deyil: “Agentim həm ölkə daxilində, həm də xaricdə variantlar üzərində çalışır. Əsas diqqəti ölkə kənarına, konkret postsovet məkanına yönəltmişik. İstənilən halda, əcnəbi klubdan dəvət alsam, öncə baxışa getməli olacağam. Sözsüz ki, yüksək liqa komandasına keçməkdə maraqlıyam. Birinci divizionda çıxış etməli olsam, yalnız Rusiyada bu variantı reallaşdırmaq olar”.
Qeyd edək ki, C.Həsənzadə Azərbaycan yığmasında 34 oyuna 47 top buraxıb.


0