Nikola Lapko: “İnter”in Azərbaycan çempionu olmasında “Simurq”un əməyi olub”
10.06.2008 - 14:00
Nikola Lapko: “İnter”in Azərbaycan çempionu olmasında “Simurq”un əməyi olub”
Mövsüm başa çatandan sonra vətəninə yollanan N.Lapko Ukrayna mətbuatına müsahibəsində yenidən Azərbaycana qayıtmaq perspektivinin olduğunu bildirib: “Komandamızın baş məşqçisi Roman Pokora Lvova gəlməlidir. Onunla görüşüb bəzi detalları müzakirə edəcəyik. Yalnız bundan sonra yenidən Azərbaycana qayıtmağım, və ya Ukraynada klub axtaracağımla bağlı yekun qərara gələcəyəm. Orada komandalar əsasən legionerlərə güvənir. Bizim klubda da ukraynalılar çoxdur. Baş məşqçi də tanıdığı oyunçulara güvənməli olur. Ukraynalıların bu ölkədə yeganə problemi psixoloji durumu ilə bağlı olur. Ailədən uzaqda çətindir. Əmək haqqının məbləğini konkret deyə bilmərəm. Hər halda, həmvətənlərim ora gedirsə, deməli, qane edir. Azarkeşlər isə stadionlara Ukraynada olduğu kimi gəlmirlər”. N.Lapko çempionun müəyyənləşməsində “Simurq” klubunun əməyinin olduğunu da bildirib: “Belə demək olar ki, “İnter” klubunun çempionluğunda mənim və yoldaşlarımın da rolu oldu. Biz Valentin Xodukinin komandasının əsas rəqibi olan “Olimpik”dən sona bir neçə tur qalmış vacib xallar almaqla onlara kömək etmiş olduq. Anatoli Demyanenkonun yetirmələri isə ardıcıl qələbələrdən sonra uğursuzluq zolağına düşərək üçüncü yerlə kifayətləndilər”.
Qeyd edək ki, N.Lapko 2007/08 mövsümündə “Simurq” klubunun heyətində 12 oyun keçirib.
0