Elxan Abdullayev Kiyevdə A kateqoriyalı məşqçilik kursuna qatılıb
11.06.2008 - 16:01
Elxan Abdullayev Kiyevdə A kateqoriyalı məşqçilik kursuna qatılıb
Kiyev. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandasının məşqçisi Elxan Abdullayev Ukraynaya gedib. Bu haqda “APA-Sport” agentliyinə E.Abdullayevin özü məlumat verib. Hazırda Kiyevdə olduğunu deyən 38 yaşlı məşqçi bildirib ki, səfərində əsas məqsəd təhsilini artırmaqdır: “A kateqoriyası ilə bağlı təşkil edilən məşqçilik kurslarına qatılmışam. Hazırda bir sıra həmkarlarım kimi, mühazirələri dinləyirəm. İyunun 14-də Bakıya qayıdacağam”. E.Abdullayev məşqçilik dərəcəsini artırmaq üçün keçdiyi məşğələlərin sonunda imtahan verəcək. O, 1999-cu ilin sentyabrından 2000-ci ilin fevralınadək Almaniyada məşqçilik kursunda iştirak edib. Almaniya Futbol İttifaqının məşqçilik lisenziyasına malik olan E.Abdullayev milli komandamızda yenidən çalışmağa başladıqdan sonra təhsilini artırmağı zəruri sayıb.
Qeyd edək ki, E.Abdullayev Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsun əsas köməkçilərindən biridir.
0