Anar Niyazov “Neftçi” - “Nitra” oyununa təyinat alıb
13.06.2008 - 12:10
Anar Niyazov “Neftçi” - “Nitra” oyununa təyinat alıb
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycanlı beynəlxalq dərəcəli hakim Anar Niyazov İntertoto kubokuna təyinat alıb. “APA-Sport” agentliyinin məlumatına görə, 32 yaşlı həmyerlimiz turnirin ilk mərhələsi çərçivəsində “Neftçi” ilə Slovakiyanın “Nitra” klubları arasında iyunun 21-də Bakıda keçiriləcək görüşdə hakimlər briqadasında yer alacaq. 35 yaşlı FİFA hakimi Marçin Borskinin başçılıq etdiyi polşalı briqadaya daxil olan A.Niyazov ehtiyat hakim funksiyasını yerinə yetirəcək. Qaydaya görə, İntertotoda ehtiyat hakim yerli ölkənin təmsilçisi olur. Bu isə o deməkdir ki, iyunun 28-də keçiriləcək “Nitra” – “Neftçi” görüşündə ehtiyat hakim slovakiyalı olacaq. M.Borskiyə FİFA hakim-köməkçiləri olan həmyerliləri Rafal Rostkovski ilə Pavel Sokolniçki kömək edəcək. Hakimlərin işinə şimali irlandiyalı Alan Snoddi qiymət verəcək. Hazırda UEFA-nın hakim-inspektoru kimi çalışan A.Snoddi vaxtilə hakimlik edərkən, milli komandamızın oyunlarını idarə edib. “Neftçi” – “Nitra” oyununa UEFA nümayəndəsi albaniyalı Bujar Kasmi təyin olunub. Qeyd edək ki, A.Niyazov futzal üzrə sabiq FİFA hakimidir.


0