Xaqani Məmmədovla Gülağa Cabbarov sabah Naxçıvana gedəcəklər
13.06.2008 - 13:50
Xaqani Məmmədovla Gülağa Cabbarov sabah Naxçıvana gedəcəklər
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla qurumun sabiq rəhbəri Gülağa Cabbarov sabah Naxçıvana yollanacaqlar. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən G.Cabbarovun sözlərinə görə, səfər işgüzar xarakter daşıyacaq: “Əsas məqsəd Naxçıvanda regional Hakimlər Komitəsinin yaradılmasıdır. Oradakı hakimlər üçün ikigünlük seminar keçirəcəyik. Bundan əlavə, bazar günü Naxçıvan kuboku uğrunda keçiriləcək final matçını da izləyəcəyik”. X.Məmmədovla G.Cabbarov həlledici matçı idarə edəcək gənc hakimlərin işinə qiymət verəcək. Gələcəkdə naxçıvanlı hakimlərin Premyer Liqa və birinci divizionda oyunları idarə etməsi nəzərdə tutulub ki, bu bölgəyə səfər həm də briqadanı müəyyənləşdirmək məqsədi daşıyır. İndiyədək milli çempionatlarımız tarixində naxçıvanlı hakim Əmir Zamanov olub ki, artıq xeyli vaxtdır karyerasını başa vuran bu şəxs hakim-inspektor kimi fəaliyyət göstərir. Ə.Zamanovun da üzvü olduğu Hakim-İnspektorlar Komitəsində postunda dəyişiklik olacaq ki, hazırkı sədr Rüfət Əmirovu əvəzləməyə əsas namizəd məhz G.Cabbarovdur. Ancaq adıçəkilən şəxs hadisələri qabaqlamağı məqsədəuyğun sayıb: “Mətbuatda bu haqda yazılsa da, ortada real bir şey yoxdur. Mənə Hakim-İnspektorlar Komitəsinin sədri vəzifəsi təklif olunmayıb. Ehtimallara münasibət bildirmək istəmirəm. Gəlin bunu tapmacaya çevirməyək. Hakimlər Komitəsinə rəhbərlik etmişəm. Hələ Tofiq Bəhramovun sədrliyi dövründə isə bu qurumun üzvü olmuşam. Son vaxtlar gənc hakimlər üçün təşkil edilən kurslara cəlb olunub, məşğələlərdə iştirak edirəm. Öz təcrübəmi gənc həmkarlarımla bölüşürəm. İndiyədək bacardığım köməyi əsirgəməmişəm, bundan sonra da göstərməyə hazıram”.
Qeyd edək ki, G.Cabbarov hakim-inspektor kimi oyunlara təyinat alır.
0