Natalya Məmmədova “Türk Telekom” klubu ilə 1 illik müqavilə bağlayıb - FOTOSESSİYA
18.06.2008 - 14:01
Natalya Məmmədova “Türk Telekom” klubu ilə 1 illik müqavilə bağlayıb - FOTOSESSİYA
“APA-Sport” agentliyinin məlumatına görə, bununla bağlı Ankara klubunun ofisində təşkil olunan tədbirdə tərəflər 1 illik rəsmi müqaviləyə imza atıblar. Mərasimdə çıxış edən N.Məmmədova yeni komandasında karyerasının uğurla alınacağına inandığını bildirib: “Türk Telekom” Avropanın tanınmış klublarından biridir. Bura böyük uğurlar qazanmaq üçün gəlmişəm. Çox güclü heyətə malik komandadır. Həm Türkiyədə, həm də qitə miqyaslı yarışlarda çempion titulu qazanmağa çalışacağıq”.
Klub rəsmisi Mehmet Toros isə N.Məmmədovanı transfer etdikləri üçün sevincini gizlətməyib: “Məmmədova dünyanın ən güclü voleybolçularından sayılır. Onunla uzun müddət danışıqlar aparmışıq və nəhayət, bu gün rəsmi müqaviləyə imza atırıq. Komandamızda Bahar və Aquero kimi ulduz voleybolçular var. Nəzərə alsaq ki, Məmmədova onlarla birgə oynayacaq, iddiamızın daha da artdığını görərik”.
Qeyd edək ki, karyerasının böyük hissəsini Bakının “Azerreyl” klubunda keçirmiş N.Məmmədova indiyədək 3 ölkədə legioner həyatı yaşayıb. 24 yaşlı, 195 sm boya malik həmyerlimiz İtaliyanın “Çyeri”, İsveçrənin “Volero” və İspaniyanın “İkaro Palma” komandalarında oynayıb. O, ardıcıl 3 mövsüm, 2005-ci ildən 2007-ci ilədək Çempionlar Liqasının ən məhsuldar voleybolçusu olub.











0