“Neftçi” klubunun rəqibi yoxlama oyunu keçirəcək
18.06.2008 - 16:54
“Neftçi” klubunun rəqibi yoxlama oyunu keçirəcək
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun İntertoto kubokunun birinci mərhələsində rəqibi olan Slovakiyanın “Nitra” komandası yoxlama oyunu keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, çexiyalı mütəxəssis Pavel Malura yetirmələrini həmyerliləri ilə qarşılaşmada sınamaq istəyir. Bu yoldaşlıq görüşü iyunun 21-də Bakıda keçiriləcək ilk oyundan sonraya təsadüf edəcək. Cavab matçına daha yaxşı hazırlaşmaq məqsədilə P.Malura Praqanın “Slaviya” klubu ilə qarşılaşmağı məqsədəuyğun sayıb. Komandalar iyunun 25-də saat 20:00-da Çexiya paytaxtında üz-üzə gələcək. Maraqlıdır ki, “Nitra”nın rəqibi iki dəfə - hər iki halda da ikinci mərhələdə təmsilçilərimizlə üz-üzə gəlib. Bu komanda iki il əvvəl “Karvan” (0:2, 0:0), 2001-ci ildə “Şəmkir”i (0:1, 1:4) mübarizədən kənarlaşdırmışdı. Qeyd edək ki, İntertoto kubokunun birinci mərhələsinin cavab görüşü iyunun 28-də keçiriləcək.
0