Nazim Süleymanov: “Azərbaycan yığması Rusiyanın qələbələrinə baxıb, bədbinliyə qapılmamalıdır”
19.06.2008 - 12:11
Nazim Süleymanov: “Azərbaycan yığması Rusiyanın qələbələrinə baxıb, bədbinliyə qapılmamalıdır”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının seleksiyaçı-məşqçisi Nazim Süleymanov deyib. Avstriya və İsveçrədə keçirilən Avropa çempionatında Rusiyanın çıxışını dəyərləndirən N.Süleymanov xüsusilə İsveçlə oyunu bəyənib. Onun bildirdiyinə görə, rusiyalı futbolçular bir sıra müsbət cəhətlərə malikdirlər: “Onlar 1 və ya 2 toxunuşlu ötürmələr etməklə, mərkəz xəttini mümkün qədər sürətlə keçirdilər. Futbolda vaxtında “açılmaq”, vaxtında ötürmə vermək vacib amillərdən sayılır. Rusiyalılar məhz bu baxımdan yaxşı təsir bağışlayırdılar. Hiddinkin yetirmələri lazım olan yerdə mövqe tutur və ötürməni qəbul edirdilər. Rusiya İsveçə 2:0 deyil, böyük hesabla qalib gələ bilərdi”. N.Süleymanov dünya çempionatının seçmə qrup mərhələsində Rusiyaya qarşı keçirəcəyimiz oyunlarla da bağlı fikrini bildirib. 43 yaşlı məşqçi vurğulayıb ki, rəqibin Avropa çempionatında uğurunu gördükdən sonra bədbinliyə qapılmamalıyıq: “Dünya çempionatının seçmə mərhələsindəki bütün rəqiblərimizi, o cümlədən, Almaniya, Rusiya, Lixtenşteyni qiymətləndirməliyik. Rusiya qitə çempionatında 1/4 finala yüksəlibsə, buna görə nikbinliyimizi niyə itirməliyik ki?” N.Süleymanov qarşıdakı görüşlərdə xal qazanıb-qazanmayacağımız barədə bunları deyib: “Rusiya ilə ilk oyun martda keçiriləcək. Bu vaxt Rusiyada ölkə çempionatı start götürəcəyindən yığma üzvləri bəlkə də yaxşı fiziki formada olmayacaqlar. Rusiyalılarla görüşdə hər bir futbolçumuz məsuliyyətini dərk etməlidir. Biz onlara xal verməməliyik. Necə deyərlər, Rusiya ilə oyunda öz xallarımıza sahib çıxmalıyıq”.
Qeyd edək ki, Azərbaycan milli komandası Rusiya ilə 2009-cu il martın 28-də səfərdə, oktyabrın 14-də isə öz meydanında qarşılaşacaq.
0