Ziya Doğan Rasim Karaya nə deyib?
19.06.2008 - 15:59
Ziya Doğan Rasim Karaya nə deyib?
Bakı. Mehman Süleymanov - APA-Sport. “Artim Şakirini Türkiyədə çıxış etdiyi dövrdən tanıyıram”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Rasim Kara deyib. Türkiyəli mütəxəssisin sözlərinə görə, Artim Şakirinin transferindən əvvəl məsləhətləşmələr aparılıb: “Şakirinin oyununu Makedoniya yığmasının heyətində görmüşdüm. Karyerası ərzində Türkiyədə də forma geyinib. “Malatyaspor” klubunda çıxışı yadımdadır. Ziya Doğanla məsləhətləşdim və həmkarım da Artim haqda yüksək fikirdədir. Onun da fikrini öyrənəndən sonra makedoniyalının transferini qətiləşdirdim”.
Yeniyetmə və gənclərə üstünlük verdiklərini bəyan edən “Qarabağ” klubunun transfer siyasətinə yaşlı futbolçuların alınması daxil edilmir. Buna baxmayaraq, R.Kara 35 yaşlı A.Şakirini komandası üçün faydalı transfer sayıb: “Bizə 2-3 təcrübəli futbolçu lazımdır ki, makedoniyalı da bunlardan biridir. Yəni, gənclərin yanında yaşlı oyunçuların da olması vacibdir. Hesab edirəm ki, Şakiri ilk növbədə hücum xəttimizi gücləndirəcək. 35 yaşı olması narahatçılığa əsas verməməlidir. Avropa çempionatının final mərhələsində 37, 38, hətta 39 yaşlı futbolçunun oynadığının şahidi oluruq. Hətta Azərbaycanda Şakiridən də yaşlı futbolçular çıxış edirlər. Futbolçunun transfer məbləğinə gəlincə, pul məsələlərinə qarışmadığımdan bu haqda heç nə deyə bilmərəm. Mənim işim oyunçuları, komandanı hazırlamaqdır”.
0