Vlastimil Petrjela: “Arşavin “Real” və ya “Barselona”da oynamalıdır”
24.06.2008 - 17:12
Vlastimil Petrjela: “Arşavin “Real” və ya “Barselona”da oynamalıdır”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Rusiya yığması Avropa çempionatının əsas sürprizidir”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela deyib. “Zenit” klubunu üç il çalışdıran 55 yaşlı çexiyalı mütəxəssis bildirib ki, Rusiya milli komandası oyundan-oyundan inkişaf edir: “Rusiya yığmasında həmişə yaxşı ifaçılar, texnikalı və sürətli futbolçular olub. Ancaq onlarda özünəinam hissi yoxdur. Əvvəllər böyük turnirlərdə ayaqları əsirdi. Uduzmağa başlayan kimi, futbolətrafı problemlər də ortaya çıxırdı”. “Zenit”də rəhbərliyi altında çıxış edən 26 yaşlı hücumçu Andrey Arşavinə görə çox həyəcan keçirdiyini deyən V.Petrjela yetirməsini Rusiya yığmasının aparıcı futbolçusu sayıb: “Narahatlığıma səbəb Arşavinin Avropa çempionatına aparılmamağı haqda yayılan xəbərlər idi. Bunu Rusiyanın qrupda keçirdiyi üç oyundan sonra evə qayıdacağı ilə əsaslandırırdılar. Allaha şükür, axırıncı dəfə UEFA kubokunun finalında oynayan Andrey son bir ayda formasını itirmədi. Bunda Hiddinkin fiziki hazırlıq üzrə köməkçisinin əməyini qeyd etmək lazımdır. Aleksandr Kerjakovdan sonra Andrey Arşavin də “Zenit”dən getsə, komanda çox şeyi itirəcək. Axı bu uşaqlar “Zenit”in simvolları, liderləri idi”. Çexiyalı mütəxəssis A.Arşavinin klub seçimi ilə bağlı hədəfi düzgün müəyyənləşdirməli olduğunu söyləyib: “Bundesliqada çirkli futbol oynanıldığından, Arşavinin Almaniyada çıxışı alınmaz. İngiltərə isə onun üçün kiçikdir. Halbuki, 2005-ci ildə UEFA kubokunda “Bolton”la səfər görüşündə Andrey meydanda ən yaxşılardan idi. Arşavinə texnikalı, oynayan komanda tapmaq lazımdır. Misal üçün, “Real”, yaxud “Barselona”.
0