Türkiyənin Azərbaycandakı səfiri: “Türkiyə yığmasının qələbəsini Bakıda təmtəraqla qeyd edən qardaşlarımıza minnətdarlığımızı bildiririk”
24.06.2008 - 17:44
Türkiyənin Azərbaycandakı səfiri: “Türkiyə yığmasının qələbəsini Bakıda təmtəraqla qeyd edən qardaşlarımıza minnətdarlığımızı bildiririk”
Bakı - APA-Sport. Türkiyənin Azərbaycandakı səfirliyi futbol üzrə Türkiyə milli komandasının Avropa çempionatındakı çıxışı ilə bağlı mətbuat üçün xüsusi açıqlama yayıb. Səfirlikdən “APA-Sport“ agentliyinə verilən məlumata görə, iyunun 20-də “ay-ulduzlular”ın Xorvatiya üzərində qələbə qazanaraq, yarımfinala yüksəlməsinin Bakı küçələrində təmtəraqla qeyd olunması Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc və səfirliyin əməkdaşları tərəfindən böyük sevinclə qarşılanıb: “Ümummilli lider Heydər Əliyevin “bir millət - iki dövlət” sözünün təsdiqi kimi həm matçın oynandığı stadionda, həm də matç bitdikdən sonra Bakı küçələrində hər iki dövlətin bayraqlarının bir yerdə dalğalanması, böyük sevinc və fəxr hissi ilə qarşılanıb. Bakının İstanbul, Ankara və digər türk şəhərləri ilə ürəyinin eyni həyəcanla döyünməsi ilə ulu öndər Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri yenidən xatırlandı və Türkiyənin sevincinin Azərbaycanın da sevinci olduğu bir daha öz təsdiqini tapdı. Təbriklərə qoşulan bütün qardaşlarımıza və şənliklərin problemsiz bir şəkildə davam etməsi üçün şərait yaradan bütün səlahiyyətli şəxslərə böyük türk milləti adından minnətdarlığımızı bildiririk və millətimizin belə sevinc nümayişlərini tez-tez yaşamasını arzu edirik”.
Qeyd edək ki, Türkiyə yığması yarımfinal görüşü çərçivəsində sabah Almaniyanı sınağa çəkəcək.
0