Azərbaycan boksçusu erməni rəqibinə tam üstünlüklə qalib gələrək, Avropa çempionatının finalına yüksəlib
27.06.2008 - 17:50
Azərbaycan boksçusu erməni rəqibinə tam üstünlüklə qalib gələrək, Avropa çempionatının finalına yüksəlib
Bakı. Kənan Həsənov - APA-Sport. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan yeniyetmələr arasında boks üzrə XIII Avropa çempionatında yarımfinal döyüşləri start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, günün birinci yarısında bu mərhələdə döyüşmək hüququ qazanan altı həmyerlimizdən üçü rinqə çıxıb. 48 kq çəki dərəcəsində döyüşən Elnur Zeynalov prinsipial qarşılaşmada ermənistanlı Narek Abqaryan üzərində tam üstünlüklə qələbə qazanaraq finala yüksəlib. Boksçumuzun bu mərhələdəki rəqibi rusiyalı Əmir Mansurov olacaq. Tamerlan Abdullayev (57 kq) isə ukraynalı Vyaçeslav Prokopçuku məğlub edib – 11:6. Həmyerlimiz sabah finalda latviyalı Evaldas Petrauskasla qarşılaşacaq. 52 kq çəki dərəcəsindəki təmsilçimiz Elvin İsayev isə bolqarıstanlı Dimitar Krastevə gərgin mübarizədə 10:11 hesabı ilə uduzaraq bürünc medalla kifayətlənib. Günün ikinci yarısında Rasim Məmmədovun başçılıq etdiyi milli komandamızın digər üzvləri - Teymur Məmmədov (75 kq), Salman Əlizadə (46 kq) və Fərid Mansurov (54 kq) finala yüksəlmək üçün rinqə çıxacaqlar.
0