Azərbaycan yunan-Roma güləşi üzrə milli komandası “Qızıl Qran-Pri” turnirinin qalibi olub
28.06.2008 - 11:32
Azərbaycan yunan-Roma güləşi üzrə milli komandası “Qızıl Qran-Pri” turnirinin qalibi olub
Bakı. Elşən Məmmədov - APA-Sport. Bakıda start götürən “Qızıl Qran-Pri” turnirinin final mərhələsinin ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Elçin Cəfərovun rəhbərlik etdiyi Azərbaycan milli komandası 4 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb. 10 dövlətdən 16 pəhləvanın yer aldığı 55 kq çəki dərəcəsində ölkəmizi 5 idmançı təmsil edib. İkiqat Avropa çempionu Rövşən Bayramov finalda gürcüstanlı Laşa Qogitadzeni məğlub edərək, qızıl medala yiyələnib. Digər güləşçilərimizə gəldikdə, Natiq Bağırov bürünc medala sahib çıxıb, Qadir Süleymanovla Natiq Aslanov 5-6-cı yerləri bölüşdürüblər, Elçin Alıyev 15-ci olub.
60 kq çəkidə də 10 ölkədən 15 idmançı arasında 5 təmsilçimiz olub, Finalda iki həmyerlimiz - Avropa çempionu Vitali Rəhimovla Fuad Alıyev qarşılaşıblar. Görüş F.Alıyevin qələbəsi ilə başa çatıb. Sakit Cəlilov 5-ci, Taleh İsrafilov 8-ci, Cavid Abdullayev 11-ci yeri tutub.
66 kq çəkidə Olimpiya çempionu Fərid Mansurov finalda hələ apreldə keçirilmiş “Qızıl Qran-Pri” turnirinin II mərhələsində uduzduğu Tamaş Lorinslə (Macarıstan) qarşılaşıb. Bu dəfə də T.Lorins qələbə qazanıb. Hüsaməddin Rəcəbov isə bürünc medal qazanıb. Bu çəkidə ümumilikdə 8 ölkənin 12 idmançısı arasında yer alan daha üç təmsilçimizdən Tural Hüseynov 5-ci, Elbrus Məmmədov 7-ci, Emin Əhmədov 10-cu olublar. 11 güləşçinin mübarizə apardığı 74 kq çəkidə də 6 ölkənin 11 pəhləvanı arasında 5 təmsilçimiz olub. Onlardan yalnız İlqar Abdulov medal qazana bilib. İ.Abdulov finalda Manuçari Kvirkveliyanı (Gürcüstan) məğlubiyyətə uğradaraq, I yeri tutub. Rafiq Hüseynov 7-ci, Elməddin Abdullayev 8-ci, Səməd Çöpsiyev 9-cu, Vüqar Qarayev sonuncu olub.
84 kq çəkidə də qızıl medalı Azərbaycan pəhləvanı əldə edib. Yığmamızın gürcüstanlı legioneri Şalva Qadabadze finalda öz həmyerlisi David Karçavanı yenib. Ümumilikdə 5 ölkənin 7 pəhləvanı arasında yer alan digər güləşçimiz Səbuhi Hümbətov 6-cı yeri tutub. 96 kq çəkidə 6 ölkədən 7 idmançı döşək üzərinə çıxıb. Azərbaycanlı pəhləvanlardan nə Aydın Səfərov, nə də Malik Zalov mükafatçılar sırasına düşüblər. A.Səfərov 5-ci, Malik Zalov isə 7-ci yeri tutub. 7 ölkənin 8 pəhləvanının mübarizə apardığı 120 kq çəkidə də heç bir təmsilçimiz medal qazana bilməyib. Belə ki, Cəlal Bahadurovla Pekin Olimpiadasına lisenziya qazanmış Anton Botev 5-6-cı yerləri bölüşdürüblər.
Ümumilikdə, 26 güləşçi ilə yarışa qatılan Azərbaycan yığması yekun nəticədə 19 ölkə arasında I yeri tutub. Digər medalları Macarıstan (2 qızıl), Türkiyə (1 qızıl, 2 bürünc), Gürcüstan (4 gümüş, 3 bürünc), Ukrayna (1 gümüş), Polşa (3 bürünc), Qazaxıstan (1 bürünc), Özbəkistan (1 bürünc), Yaponiya (1 bürünc) və Finlandiya (1 bürünc) əldə ediblər.
0