Berti Foqts: “Avropa çempionatında ikinci yeri tutmaq da Almaniya yığması üçün uğurdur”
30.06.2008 - 11:49
Berti Foqts: “Avropa çempionatında ikinci yeri tutmaq da Almaniya yığması üçün uğurdur”
62 yaşlı mütəxəssis Avstriya və İsveçrədə başa çatan XIII Avropa çempionatının finalında İspaniyaya minimal hesabla uduzan Almaniya yığmasının çıxışını müsbət dəyərləndirib: “Komandamız dəyişkən oyun göstərdi: Polşaya qarşı yaxşı, Xorvatiya ilə pis, Avstriya ilə nüfuz üçün, Portuqaliyaya qarşı səviyyəli, Türkiyə ilə qeyri-qənaətbəxş. Bütün tənqidlərə baxmayaraq, 1/4 və yarımfinal oyunlarının hərəsində 3 qol vurmağımız xüsusi qeyd olunmalıdır. Mən bu Avropa çempionatındakı nəticəni uğurlu sayıram. 1992-ci ildə İsveçdə keçirilən qitə birinciliyində mənim rəhbərliyim altında Almaniyanın finalda uduzmasını faciə adlandırmaq səhv olardı”. B.Foqts Portuqaliya və Hollandiya yığmalarının uğursuzluğunu rəqiblərin oyunu ilə izah edib: “Portuqaliya istedadlı futbolçulardan ibarət Almaniya ilə bacarmadı. Buna portuqaliyalıların sərbəst zərbələr zamanı sadəlövhlük nümayiş etdirmələri səbəb oldu. Belə rəqiblə oyunda sayıqlığı əldən vermək düzgün deyil. Hollandiyaya gəlincə, təkcə 8-9 oyunçu ilə hücum etməklə iş bitmir. Rusiyanın baş məşqçisi Qus Hiddink Hollandiya futbolunu yaxşı tanıdığından rəqibin zəif cəhətlərindən istifadə etdi. Bu turnirlərdə müdafiədən hücumadək bütün komanda tam balanslaşmış olmalıdır. Çempionatda yeni taktiki sxemin icad olunduğunu düşünmürəm. Fransa iki il əvvəl də belə oynayırdı. İspaniya və İngiltərə çempionatlarında 3-4 ilə yaxındır bu sistemə üstünlük verənlər var. Yenə kombinasiyalı oyunun göstərilməsi diqqət çəkir. Rusiya Avropa çempionatına gözlənilməz komanda çıxardı. Belə sürət, bir az atletik keyfiyyətlər və yüksək fərdi ustalıq əla təəssürat yaradır”.
Qeyd edək ki, Almaniya yığması son titulunu 1996-cı ildə keçirilən Avropa çempionatında məhz Berti Foqtsun rəhbərliyi altında qazanıb.
0