Fabio Luis Ramim: “Almaniya və Rusiya yığmalarını Bakıda məğlub edə bilərik”
30.06.2008 - 13:43
Fabio Luis Ramim: “Almaniya və Rusiya yığmalarını Bakıda məğlub edə bilərik”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. ““Biz Lixtenşteyndən güclüyük. Dünya çempionatının seçmə mərhələsində öz meydanımızda keçirəcəyimiz oyunlarda rəqiblərimizi “yaralamalıyıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan yığmasının “milliləşdirilmiş” üzvü Fabio Luis Ramim deyib. 27 yaşlı braziliyalı hücumçu milli komandamızın 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində autsayder olmadığını düşünür: “Bakıdakı ilk matçlarda qələbə qazansaq, psixoloji üstünlük əldə edəcəyik. Almaniya və Rusiya yığmalarını güclü azarkeş dəstəyi sayəsində Bakıda məğlub edə bilərik”. Bir müddət öncə “Bakı” klubuna keçən F.L.Ramim Azərbaycanda yaşadığı legioner həyatından razı qaldığını bildirib: “MKT-Araz”dan baş məşqçiyə görə ayrıldım. İqor Nakoneçnı braziliyalıları sevmirdi. Bizim oyun üslubumuz onun taktikasına uyğun gəlmirdi. Nakoneçnı əsasən atletik xüsusiyyətlərə əhəmiyyət verirdi. Fiziki güc hesabına rəqibi üstələmək onun fəlsəfəsi idi. Mən onu başa düşə bilmirdim. Buna görə də “MKT-Araz”dan ayrılmalı oldum. “Olimpik”də keçirdiyim iki ili ömrümün sonuna qədər unutmayacağam. Futbolçu kimi yetişdim. Yeni komandam “Bakı”da isə futbolçularla Avropada olduğu kimi davranırlar”.
Qeyd edək ki, F.L.Ramim Azərbaycan yığmasının heyətində 2 oyunda 1 qol vurub.
0