Visente Del Boske İspaniya yığmasının baş məşqçisi təyin edilib
16.07.2008 - 11:17
Visente Del Boske İspaniya yığmasının baş məşqçisi təyin edilib
Bakı - APA-Sport. Futbol üzrə İspaniya milli komandasına yeni baş məşqçi təyin olunub. “APA-Sport” agentliyinin məlumatına görə, İspaniya Futbol Federasiyasının Direktorlar Şurasının yığıncağında boş qalmış baş məşqçi postu Visente Del Boskeyə tapşırılıb. O, yığmaya Avropa çempionu titulunu qazandırmış Luis Araqonesi əvəzləyib. 2004-05-ci illərdə Türkiyənin “Beşiktaş” klubunda da işləmiş 58 yaşlı V.Boske ilə iki illik müqavilə bağlanılacaq. Milli komandada ona Madrid “Real”ındakı köməkçiləri Xose Antonio Qrande və Xavyer Minano yardımçı olacaqlar. Yeni baş məşqçi İspaniya yığmasında avqustun 20-də Danimarka ilə yoldaşlıq görüşündə debüt edəcək.
Qeyd edək ki, L.Araqones Avropa çempionatı başa çatdıqdan sonra milli komandadan ayrılaraq, “Fənərbağça” ilə anlaşıb. 14 ildir məşqçilik fəaliyyəti göstərən V.Boske isə özünə üçüncü iş yeri tapıb. O, indiyədək “Beşiktaş”la yanaşı, 3 dəfə (1994, 1996, 1999-2003-cü illər) “Real”ın baş məşqçisi olub.
0