Ronaldinyonun “Milan” klubunda oynayacağı dəqiqləşdi
16.07.2008 - 11:54
Ronaldinyonun “Milan” klubunda oynayacağı dəqiqləşdi
Bakı - APA-Sport. Braziliya yığmasının futbolçusu Ronaldinyo son 5 ildə şərəfini qoruduğu İspaniyanın “Barselona” klubundan ayrılıb. “APA-Sport” agentliyinin məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi karyerasını İtaliyanın “Milan” komandasında davam etdirəcək. Bununla bağlı “Milan”ın rəsmi İnternet saytında yerləşdirilən xəbərdə bildirilir ki, Ronaldinyo artıq bu gün İtaliyaya gələcək. Öncə tibbi müayinədən keçəcək braziliyalı daha sonra 30 iyun 2011-ci ilədək rəsmi müqaviləyə imza atacaq. Razılaşmanın maddi dəyəri açıqlanmasa da, italiyalıların Ronaldonun transferi üçün 18,5 milyon avro xərclədikləri bildirilir.
Qeyd edək ki, son onilliyin ən güclü futbolçularından sayılan Ronaldinyo iki ay öncə, Xosep Qvardiolanın “Barselona”ya baş məşqçi təyin olunmasının ardından transferə çıxarılıb. İyulun 15-də futbolçuya gələcəyi ilə bağlı yekun qərar çıxarmaq üçün 72 saat möhlət verilmişdi. “Milan” braziliyalının peşəkar karyerasında dördüncü kluba çevrilib. Ronaldinyo “Barselona”dan əvvəl “Qremio” (Braziliya) və PSJ-də (Fransa) forma geyinib.
0