Azərbaycan klubları Çempionlar Liqasının debüt matçında qələbə qazana bilmir
16.07.2008 - 13:18
Azərbaycan klubları Çempionlar Liqasının debüt matçında qələbə qazana bilmir
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan klubları Çempionlar Liqasının (ÇL) debüt oyunlarında qələbə qazana bilmirlər. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu turnirdə ilk görüşünü keçirən Bakının “İnter” klubu da bu uğursuz seriyanı qıra bilməyib. Azərbaycan Premyer Liqasının son qalibi Makedoniya çempionu “Rabotniçki” üzərində qələbə qazanıb siftə etməyə çox yaxın olduğu halda, buna nail olmayıb.
“İnter”ə qədər Azərbaycanın 5 klubu ÇL-də debüt edib ki, bunlar “Neftçi”, “Kəpəz”, “Şəmkir”, “Bakı” və “Xəzər-Lənkəran”dır. ÇL-də ilk təmsilçimiz olan “Neftçi” 1997-ci ildə Polşanın “Vidzev” klubuna Bakıda 0:2, “Kəpəz” bundan bir il sonra Polşanın LKS klubuna səfərdə böyük hesabla (1:4) uduzub. “Şəmkir”lə “Bakı” də ÇL-də debütdə səfərdə məğlub olublar. Şəmkirlilər 2000-ci ildə Riqada “Skonto”ya 1:2, Bakının eyniadlı təmsilçisi isə bundan 6 il sonra Tiflisdə “Sioni”yə 0:2 hesabı ilə yenilib. Yalnız ötən il ÇL-də ölkəmizi təmsil edən “Xəzər-Lənkəran” Bakıda Zaqrebin “Dinamo” ilə heç-heçə (1:1) etməklə, debütdə uduzmayan ilk Azərbaycan klubu olub.
Qeyd edək ki, indiyədək ÇL-də debüt edən komandalarımız arasında yalnız “Şəmkir” ilk çıxışındaca mərhələ adlaya bilib. Səkkiz il öncə Ağasəlim Mircavadovun çalışdırdığı komanda “Skonto”nu Bakıda əlavə 30 dəqiqədə vurduğu iki qolla böyük hesabla yenib (4:1).
0