Azərbaycan atletləri Pekin Olimpiadasına lisenziya xarakterli yarışda uğursuzluğa düçar olublar
17.07.2008 - 12:55
Azərbaycan atletləri Pekin Olimpiadasına lisenziya xarakterli yarışda uğursuzluğa düçar olublar
Bakı. Aqşin Əliyev - APA-Sport. İsveçrədə atletika üzrə XXIX Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son beynəlxalq turnir keçirilib. Azərbaycan Atletika Federasiyasının baş katibi Firat Hüseynovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, idmançılarımız estafet (4 x 100 m) yarışında qüvvələrini sınayıblar. Ramil Quliyev, Ruslan Abbasov, Valentin Bulıçev və Pavel Setindən ibarət komanda uğursuzluqla üzləşib. Yığmamız estafeti 40.17 saniyəyə qət edərək, ilk “16-lığ”a düşə bilməyib. Nəticədə komandamız qarşıdakı olimpiadaya vəsiqə qazanmağı bacarmayıb. F.Hüseynov bildirib ki, İsveçrədəki uğursuzluğa baxmayaraq, atletlərimizin Pekin Olimpiadasına lisenziya əldə etmək şansları hələ də var: “Reqlamentə əsasən, iyulun 31-dək daxili yarışlarda normativləri yerinə yetirən idmançı Pekinə yollana bilər”.
Qeyd edək ki, olimpiadada ölkəmizi iki atlet Ramil Quliyevlə Ruslan Abbasov təmsil edəcək.
0