Rəşad Əhmədov: “Afina Olimpiadasında buraxdığım səhvləri bir daha təkrarlamamağa çalışacağam”
05.08.2008 - 11:25
Rəşad Əhmədov: “Afina Olimpiadasında buraxdığım səhvləri bir daha təkrarlamamağa çalışacağam”
Bakı. Elşən Məmmədov – APA-Sport. “Artıq ikinci dəfə Yay Olimpiya Oyunlarında çıxış edəcəyəm. Amma qarşıdakı Olimpiya Oyunlarındakı çıxışım 2004-cü il Afina Olimpiadasındakından fərqlənəcək”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək yeganə taekvondoçu Rəşad Əhmədov deyib. 80 kq çəkidə yer alan R.Əhmədov Afina Olimpiadasında buraxdığı səhvləri təkrarlamayacağını bildirib: “Ötən yarışda cəmi 22 yaşım vardısa, indi 26 yaşımdayam. Beynəlxalq yarış təcrübəm yüksəlib. Sümüklərim bərkiyib, püxtələşmişəm. Afinada buraxdığım səhvləri bir daha təkrarlamamağa çalışacağam”. Mötəbər yarışa ciddi hazırlaşdığını bildirən idmançının sözlərinə görə, çəkdiyi əziyyətləri nə zamansa bəhrəsini verməlidir. R.Əhmədov məhz Pekin Olimpiadasında uğurlu nəticə göstərəcəyinə inandığını söyləyib: “Əslində, iddialı açıqlamalar vermək elə də çətin deyil. Nəyə qadir olduğum isə döyüş zamanı bilinəcək. Amma çox əziyyət çəkmişəm. Cənubi Koreyada keçirdiyimiz təlim-məşq toplanışı zamanı yerli taekvondoçularla yanaşı, İran və Fransa təmsilçiləri ilə birgə hazırlaşmışıq. Hazırda Taekvondo Kompleksinin idman zalında məşq edirik. Afina Olimpiadasında, dünya çempionatlarında hakimlərin haqsızlığı ilə dəfələrlə üzləşmişəm. Nə zamansa haqq-ədalət öz yerini tutmalıdır. İnanıram ki, bu dəfə hər şey mənim üçün xoş sonluqla başa çatacaq”. Avqustun 22-də tatami üzərinə çıxacaq taekvondoçumuz öz çəkisində yer alan 15 rəqibi arasında fərq qoymaq istəmədiyini vurğulayıb. Onun fikrincə, Pekin Olimpiadasına lisenziya qazanmış idmançı zəif ola bilməz: “Öz çəkimdə yer alan bütün 15 taekvondoçu mənim üçün rəqibdir. İstər Türkiyə, istər ABŞ, istər İran, istər Venesuela, istər İtaliya, istər İngiltərə, istərsə də başqa ölkə təmsilçisi olsun. Heç biri arasında fərq qoymaq istəməzdim”.


0