Berti Foqts: “Azərbaycanda legionerlərə qoyulan limitin ləğv olunması çox pis qərardır”
11.08.2008 - 15:54
Berti Foqts: “Azərbaycanda legionerlərə qoyulan limitin ləğv olunması çox pis qərardır”
20 yaşı olan Məmmədov hücuma fəal dəstək verir və sol ayağı ilə yaxşı oynayır. Azərbaycan yığmasında sol ayaqlı futbolçu problemi olduğundan Elvini İslandiya ilə yoldaşlıq görüşünə çağırdım”. “APA-Sport”un məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün keçirdiyi mətbuat konfransında deyib. Almaniyalı mütəxəssis bildirib ki, onu futbolçunun adı yox, hazırlıq durumu maraqlandırır: “Türkiyə və Ukraynada çıxış edən İlqar Qurbanovla Ruslan Zeynalova ötən hazırlıq prosesində özlərini göstərmək imkanı yaradılmışdı. Mən futbolçuya məşq prosesində və tibbi müayinədən sonra qiymət verirəm. Nə olsun ki, futbolçu Türkiyədə və Ukraynada çıxış edir? Tam hazır olmayan futbolçunun əvəzinə gənc oyunçunu dəvət edib, onunla çalışmaq daha yaxşıdır. Özünə klub tapmaqda çətinlik çəkərək sonda debütant NBC klubuna keçən Zeynal Zeynalovu hazırlıq səviyyəsi qaneedici olduğu üçün çağırmışam”.

Premyer Liqada yeni mövsümün ilk turunun oyunlarını izləyən B. Foqts matçlardan əvvəl Azərbaycanın bayrağının qaldırılması, dövlət himninin səsləndirilməsini yaxşı hal sayır: “Bu, ölkəyə olan hörmətdir. Ancaq təəssüf ki, stadionlara çox az adam gəlir. Görünür, bu, legionerlərə limitin ləğvindən sonra yerli futbolçuların sayının az olması ilə bağlıdır. Limitin ləğvi çox pis qərardır və bunun milli komandaya faydası olmayacaq. “Real”, “Mançester Yunayted”, “Milan” “Bavariya” kimi güclü komandaların əsas heyətində 5-6 yerli oyunçu olduğu halda, Azərbaycanda legionerlərə məhdudiyyət qoyulmamasını başa düşə bilmirəm. UEFA gələcəkdə əcnəbi futbolçularla bağlı “6+5” limitini qəbul edəcək. Azərbaycan isə indi limiti ləğv etməklə geriyə addım atır”.

B. Foqts futbolçuların Premyer Liqanın gedişində milliyə cəlb olunması ilə bağlı klubların narazılığını haqlı saymır. Apardığı hazırlığı faydalı hesab edən B. Foqts futbolçulara çox şey öyrətdiyini söyləyib: “Azərbaycan FİFA-nın reytinqində 138-ci yerdə gedir və irəliləyişə nail olmalıyıq. 5-6 ildən sonra bunun reallaşacağına inanıram. Bura gəlməkdə əsas məqsədim futbolunuzda inkişafa doğru böyük dəyişikliyə nail olmaqdır. Klublar məndən niyə narazı olmalıdır ki? Avropada futbolçu həftədə 30 saat məşq etdiyi halda, Azərbaycanda bu rəqəm 10 saatdır. Futbolçu yaradılan şəraitdə səviyyəsini yüksəltməyə çalışmalıdır. Siz gündə 8-9 saat işlədiyiniz halda, onlar 1-2 saat çalışır. Mənə yaxınlaşıb bir saatdan artıq məşq etmək istəmədiyini deyən futbolçu evinə getsin. Belə oyunçu mənə lazım deyil”.
0