Azərbaycan milli komandası Belarusa yoldaşlıq görüşündə qalib gəlib
25.08.2008 - 17:39
Azərbaycan milli komandası Belarusa yoldaşlıq görüşündə qalib gəlib
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadınlardan ibarət voleybol yığması Bakıya səfər edən Belarusla keçirdiyi son yoxlama görüşündə də qələbə qazanıb. “APA-Sport” agentliyinin Voleybol Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, komandamız rəqibini 3:0 hesabı ilə məğlub edib. Bu, yığmamızın Belarus üzərində üçüncü qələbəsi olub. Ümumilikdə tərəflər arasında 5 matç keçirilib. Faiq Qarayevin yetirmələri artıq vətənə dönən belaruslulara iki dəfə uduzublar.
Avqustun 28-də isə Rusiyanın ən titullu klubu “Uraloçka” əfsanəvi mütəxəssis Nikolay Karpolun başçılığı altında Bakıya təlim-məşq toplanışına gələcək. Quba Olimpiya Komleksində nəzərdə tutulan hazırlıq prosesi çərçivəsində bir neçə yoxlama matçının keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, bu oyunlar milli komandamızın Avropa çempionatının pley-off mərhələsinə hazırlıq planının tərkib hissəsidir. Voleybolçularımız bu nüfuzlu yarışın final mərhələsinə yüksəlmək üçün Yunanıstan yığmasını sentyabrın 7-də Bakıda, bir həftə sonra isə Afinada üstələməlidir.
0