43 futbolçu federasiyaya qarşı çıxdı
10.09.2008 - 10:22
43 futbolçu federasiyaya qarşı çıxdı
Bakı. Mehman Süleymanov - APA-Sport. Latviyalı oyunçular ölkə futbol federasiyasına şikayət ediblər. “APA-Sport”un məlumatına görə, Latviyanın Futbol Federasiyasının prezidenti Quntis İndriksonun ünvanına göndərilən açıq məktubu 43 oyunçu imzalayıb. Əsasən Latviya yığmasının üzvlərinin qol çəkdiyi müraciətə qoşulanlar arasında ötən ayın sonunda Azərbaycan çempionu, Bakının “İnter” klubuna keçən 30 yaşlı yarımmüdafiəçi Andrey Rubin də var.

Latviyalıların şikayəti ölkə çempionatında çıxış edən futbolçuların hüquqlarının tapdalanması ilə bağlıdır. Onlar bunda federasiya və ilk növbədə Nizam-İntizam Komitəsini (NİK) günahlandırılar. Şikayətdə bildirilir ki, NİK yaranan mübahisəli məsələlərdə həm ölkə çempionatının reqlamentini, həm də FİFA-nın qanunverici normalarını pozmuş olur.

Futbolçuların etirazı yerli “Riqa” və “Metallurq” klublarına ünvanlanıb. Paytaxtın eyni adlı komandası fevraldan bu yana maaşları gecikdirsə də, NİK futbolçuların yay “transfer pəncərəsi”nin bağlanmasına qədər klubla müqavilələrini pozmasına icazə verməyib. “Metallurq”a gəlincə, etirazlar üç futbolçu ilə əmək müqavilələrinin birtərəfli qaydada qanunsuz şəkildə pozulması ilə bağlıdır. Maraqlıdır ki, onlar arasında karyerasını Azərbaycanda davam etdirməyə qərar verən futbolçu da var.

“Metallurq” rəhbərliyinin fikrincə, Rubin də daxil olmaqla, həmin üç futbolçu öz işlərinə, yəni oyunlarına görə ən aşağı qiymət – 2 alıblar. Belə olan halda, NİK klubun tərəfində durub.

Qeyd edək ki, hazırda Latviya yığmasının heyətində yer alan Rubinin “İnter”ə keçidi hələ iyunda gündəmdə olsa da, transfer ölkəmizdə yeni mövsümün startı veriləndən sonra baş tutdu.
0