Şevçenko “Milan” rəhbərliyinə can atır
27.09.2008 - 10:12
Şevçenko “Milan” rəhbərliyinə can atır
Bakı - APA-Sport. Ukrayna yığmasının futbolçusu Andrey Şevçenko şərəfini qoruduğu “Milan” klubunun rəhbərliyində yer almaq istəyir. “APA-Sport”un məlumatına görə, bununla bağlı 32 yaşlı hücumçunun xüsusi planı var.

“Peşəkar futbolçu karyeramı başa vurduqdan sonra “Milan”da fərqli vəzifəni yerinə yetirəcəyəm” - deyə Şevçenko bildirib. Bu ilin yayında Londonun “Çelsi” komandasından İtaliyaya dönən Andrey cari mövsümdə qol hesabını açmayıb. Ancaq bu fakt ukraynalını qəti narahat etmir: “Tədricən komandam kimi, mən də ən yaxşı oyunumu göstərəcəyəm. Qol vurmaq üçün çox çalışıram. Amma fərqlənə bilmədiyimə görə, narahat olmuram. Tezliklə qolları sıralayacağıma şübhəm yoxdur”.

Şevçenko keçmiş məşqçisi, hazırda A seriyasında mübarizə aparan “İnter”i çalışdıran Joze Maurinyo haqda da fikirlərini bölüşüb: “O, bir o qədər də dəyişməyib. Həmişəki kimi, fikirlərini cəsarətlə ifadə edir”.

Andrey iki il “Çelsi”də Maurinyonun rəhbərliyi altında oynayıb. İngiltərədə karyerası uğurlu alınmadığından Şevçenko yenidən “Milan”a dönüb. Hücumçu 1999-2006-cı illərdə də “qara-qırmızılı” formanı geyinib.
0