Dünya çempionatının püşkü atıldı
02.10.2008 - 09:56
Dünya çempionatının püşkü atıldı
Bakı. Kənan Həsənov - APA-Sport. İtaliyanın Turin şəhərində 2010-cu ildə keçiriləcək kişi və qadın voleybol milli komandaları arasında dünya çempionatının püşkü atılıb. “APA-Sport”un məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi qadın yığmamız turnirə ikinci təsnifat mərhələsindən başlayacaq. Voleybolçularımız 2009-cu ilin mayında Bakıda təşkil olunacaq qrup oyunlarında Ukrayna, Belarus və birinci mərhələnin B qrupunda (İngiltərə, Portuqaliya, İsrail, İslandiya) qalib gələn kollektivlə qarşılaşacaqlar. Milli komandamız qrupu ilk iki pillədə başa vuracağı halda, üçüncü mərhələyə yüksələcək. Burada eyni uğura imza atacaq kollektivlər isə dünya çempionatının Yaponiyada təşkil olunacaq final mərhələsinə yüksələcəklər.

Kişilərdən ibarət milli komandaların həlledici oyunları isə İtaliyada keçiriləcək. Sabir Əliyevin başçılıq etdiyi yığmamız bu nüfuzlu yarışa qatılmaq üçün mübarizəyə birinci mərhələdən qoşulacaq. Dekabrda Bakıda təşkil olunacaq D qrupunun oyunlarında voleybolçularımızın rəqibləri Albaniya, Moldova və Çernoqoriya olacaq. İkinci mərhələyə yalnız qrup qalibi vəsiqə qazanacaq.


0