Azərbaycanın dörd futbolçusu “Real”da
06.10.2008 - 11:18
Azərbaycanın dörd futbolçusu “Real”da
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA rəhbərliyi Madridin “Real” klubu ilə qarşılıqlı əməkdaşlıqla bağlı danışıqlar aparıb. “APA-Sport”un assosiasiyanın rəsmi İnternet saytına istinadən məlumatına görə, 17 yaşlılardan ibarət yığmamızın 4 üzvü “kral klubu”nun eyniyaşlı komandasında bir aylıq təlim-məşq toplanışı keçəcək.

Yaxın günlərdə AFFA-nın baş katibi Elxan Məmmədov, U-17 və U-21-in baş məşqçisi, həmçinin ali futbol qurumunun texniki direktoru Bernard Lippert və hüquqşünas Rəmiş Malıyev “Real”la əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün İspaniyaya səfərə yollanacaqlar. Madrid komandasında təlim-məşqdə olacaq futbolçulardan ikisi isə bir aylıq toplanış başa çatdıqdan sonra “Real”ın məşqçilərinin seçiminə əsasən, klubun 17 yaşlılardan ibarət komandasına cəlb ediləcək. Bununla bağlı bütün xərclər ispaniyalılar tərəfindən ödəniləcək.

Qeyd edək ki, U-17 yığmamız bu il sentyabrın 17-də Madriddə “Real”la keçirdiyi yoldaşlıq görüşündə 3:2 hesablı qələbə qazanmışdı.
0