Fatih Təkkənin hədəfi
06.10.2008 - 13:51
Fatih Təkkənin hədəfi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Oyun zamanı azarkeşlərin soyadımı səsləndirməsini eşitmək mənim üçün çox xoş idi. Ümid edirəm ki, onlar bütün qol imkanlarını istifadə etmədiyimizə görə bir o qədər də təəssüflənmədilər. Özümə gəlincə, komandanın uğuru üçün hər şeyi etməyə çalışdım”. “APA-Sport”un məlumatına görə, bunu Rusiyanın son çempionu “Zenit” futbol klubunun türkiyəli hücumçusu Fatih Təkkə deyib.

Təkkə uzun fasilədən sonra komandanın əsas heyətinə qayıdışını het-triklə qeyd edib. “Luç-Enerji” ilə Sankt-Peterburqdakı oyunda (8:1) 3 qol vuran 31 yaşlı futbolçu qəribə də olsa, bəxtsizlikdən gileylənib: “Sözsüz ki, 8:1 hesabı ilə qələbə qazandığımız üçün şadıq. Ancaq daha çox qol vura bilərdik. Təəssüf ki, bu istəyimiz alınmadı. Yenə bəxtimiz gətirmədi...” Ölkə birinciliyindən sonra Çempionlar Liqasında (ÇL) het-trik etməyi qarşısına məqsəd qoyan Təkkə “Zenit”in qrup mərhələsini adlaması üçün çalışacaqlarını söyləyib: “Çempionlar Liqasında keçirdiyimiz ilk iki görüşdə yaxşı təsir bağışlasaq da, nəticə qazana bilmədik. İnşallah, növbəti oyunda aktivimizə 3 xal yazdırarıq”.

Qeyd edək ki, ÇL-də iki turdan sonra hesabında cəmi 1 xal olan “Zenit” növbəti iki matçını BATE-yə (Belarus) qarşı keçirəcək.
0