“Qalatasaray” rəsmisi: “Yenidən Avropaya səs salacağıq”
07.10.2008 - 15:57
“Qalatasaray” rəsmisi: “Yenidən Avropaya səs salacağıq”
Bakı - APA-Sport. “Qalatasaray” klubunun Futbol Şöbəsinin müdiri Haldun Üstünəl UEFA kubokunun qrup mərhələsinin püşkünü dəyərləndirib. “APA-Sport”un məlumatına görə, Türkiyənin ən titullu komandasının rəsmisi qrup səddini adlayacaqlarına inandığını bildirib: “Bu mövsüm qarşımıza ciddi hədəflər qoymuşuq. Zədəlilərimiz heyətə döndükdən sonra Avropaya səs salacağımıza inanıram. Qrupu ilk üç pillədə başa vurmaq istəyirik”.

Üstünəl “Qalatasaray”ın keçmiş şöhrətini qaytarmaq istədiklərini xüsusi vurğulayıb: “Komandamızın adını hamıya xatırladacağıq. “Qalatasaray” bir dünya markasıdır. Bu ada layiq heyət formalaşdırmışıq. Yetərincə inam və cəsarətimiz də var. UEFA kubokunda sonadək iddialıyıq”.

Qeyd edək ki, “Qalatasaray” UEFA kubokunun B qrupunda “Benfika” (Portuqaliya), “Herta” (Almaniya), “Olimpiakos” (Yunanıstan) və “Metallist” (Ukrayna) klubları ilə mübarizə aparacaq.
0