Emin Cəfərquliyev: “Gedeyə borcluyam”
07.10.2008 - 16:32
Emin Cəfərquliyev: “Gedeyə borcluyam”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Yığmaya dəvət almağım mənim üçün xoş bir sürpriz oldu. Milli komandanın formasını geyinmək hər bir futbolçunun arzusudur və mən də bu imkanı qazandım”. Bunu “APA-Sport”a açıqlamasında ilk dəfə Azərbaycan futbol yığmasına çağırılan Emin Cəfərquliyev deyib.

Almaniyalı mütəxəssis Hans-Yurgen Gede “Neftçi” klubunun sükanı arxasına keçəndən sonra əsas heyətdə Elnur Allahverdiyevi sıxışdırıb çıxaran 18 yaşlı müdafiəçi özünü rəqabətə hazır sayır: “Hələ gənc futbolçuyam, Elnur isə məndən təcrübəlidir. Ondan çox şey öyrənməliyik. Milli komandaya dəvət olunacağımı gözləyirdim. Ancaq bu, mərhələ-mərhələ baş verməsə də, hər halda, mənə göstərilən etimadı yüksək qiymətləndirirəm. Əsas yığmaya çağırılmağımda Gede ilə yanaşı, indiyə kimi üzərimdə zəhməti olan bütün məşqçilərə borcluyam”.

U-17 və U-19-nun heyətində çıxış etdiyi dövrdə beynəlxalq oyun təcrübəsi qazandığını deyən futbolçunun sözlərinə görə, millidə problemli sayılan müdafiənin sol cinahında layiqincə çıxış etməyə çalışacaq: “Yığmanın məşqlərində özümü rahat hiss edirəm. Bu yaşda milliyə dəvət edildiyim üçün komanda yoldaşlarım məni ruhlandırır. Foqts mənə şans verərsə, onun etimadını doğrultmağa çalışacağam. Millidə debütant olsam da, Finlandiya ilə qarşıdakı oyunda ilk dəqiqələrdən çıxış etməkdə problem görmürəm. Hər halda, məndə Helsinkidəki matçda əsas heyətdə meydana çıxmaqla bağlı qorxu yoxdur”.
0