Ballakdan sensasion açıqlama
10.10.2008 - 11:02
Ballakdan sensasion açıqlama
Bakı. Aqşin Əliyev - APA-Sport. Futbol üzrə Almaniya milli komandasının kapitanı Mixael Ballak dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb. “APA-Sport”un məlumatına görə, “Çelsi” klubunun da şərəfini qoruyan 32 yaşlı yarımmüdafiəçi sabah Dortmund şəhərində baş tutacaq görüşün maraqlı idman mübarizəsi şəraitində keçəcəyini bildirib.

Ballak vurğulayıb ki, məğlub komandanın dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün gələcəkdə böyük problemlərlə üzləşəcəyini söyləmək düzgün deyil: “Çünki seçmə mərhələ təzə başlayıb. Gələn il bizi rusiyalılarla cavab görüşü gözləyir”.

Təcrübəli futbolçu Rusiya yığmasının qrupda yer alan digər komandalarla mübarizədə xal itkisinə məruz qalacağını istisna etməyib: “Qrupda birinci yeri tutacaq və dünya çempionatına birbaşa yollanacaq kollektivin adı təkcə Almaniya və Rusiya komandalarının öz aralarındakı oyunda deyil, həm də başqa yığmalarla matçda müəyyənləşəcək. Ötən tur Helsinkidən bir xalla qayıtdıq. Bu o demək deyil ki, rusiyalılar Finlandiya, Uels və ya Azərbaycanla oyunlarda xal itirməyəcəklər”.

Qeyd edək ki, milli komandamız Rusiya ilə 2009-cu il martın 28-də səfərdə, oktyabr 14-də isə Bakıda qüvvəsini sınayacaq.


0