“Suomi”lərlə 17-ci duel
10.10.2008 - 14:51
“Suomi”lərlə 17-ci duel
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Sabah Azərbaycanla qarşılaşacaq Finlandiya yığması seçmə mərhələlərin əbədi uğursuzudur. “APA-Sport”un araşdırmalarına görə, skandinaviyalılar tarixi ərzində dünya və Avropa çempionatının final mərhələsində iştirak etməyib. Hər iki turnirə üçüncü yarışdan qoşulan Finlandiya 1938-ci ilin dünya, 1968-ci ilin qitə çempionatından başlayaraq, seçmə mərhələlərin əbədi iştirakçısıdır. Düzdür, onlar 1950-ci ilin dünya çempionatına qatılmaqdan imtina etmişdi. Lakin 26 seçmə mərhələnin heç birində “suomi” azarkeşlərini sevindirə bilməyib. Ümumilikdə, final mərhələlərinə yollanmaq üçün 184 qarşılaşmaya çıxan rəqibimiz cəmi 44 qələbə qazanıb, 34 heç-heçə edib və 106 dəfə meydandan xalsız ayrılıb. Finlandiyanın top fərqi də ürəkaçan deyil – 192:386.

Finlandiya futbolunun kökü uzaq keçmişə gedib çıxır. 1907-ci ildə yaranan futbol federasiyası artıq 100 il əvvəl FİFA-ya üzv qəbul olunub. Maraqlıdır ki, müstəqilliyini 1917-ci ildə əldə edən skandinaviyalılar Rusiyanın muxtar knyazlığı ola-ola quruma qəbul edilib. İlk rəsmi matçına 1911-ci ildə çıxan rəqibimiz İsveçə 5:2 hesabı ilə uduzmaqla “siftə” edib. Finlandiya futbol tarixinin ən böyük uğuru isə 1912-ci ilə təsadüf edib. Stokholm Olimpiadasının dördüncüsü olan skandinaviyalılar Rusiya və İtaliyanı məğlub etdikdən sonra yarımfinalda Böyük Britaniyaya, üçüncü yer uğrunda matçda Hollandiyaya uduzub. Bürünc medallardan 0:9 hesabı ilə uzaqlaşdırılan finlər 1936-cı ildə yenidən olimpiya oyunlarında peyda olub. Lakin ilk mərhələdəcə Perunun “qapaz”ına tuş gəlib. “Suomi” bir də 1980-ci ildə Moskva Olimpiadasında görünüb. Amma gücünə yox, bir çox ölkələrin boykotuna görə. Və finlər qrup səddini aşa bilmir.

Dünya çempionatlarında ilk seçmə oyununu 1937-ci ildə keçirən finlər tsikli qol vurmadan bitirib. İlk qələbə qazanmaq üçün Finlandiyaya 28 il gözləyib. Skandinaviyalılar yalnız 1965-ci ildə Polşanı 2:0 məğlub etməklə, 28 illik qələbəsizliyə son qoyub. Qitə çempionatının seçmə mərhələlərində də “suomi” üçün qələbə qazanmaq Ərəbistanda xizək sürmək kimi bir şey olub. 1967-ci ildə qitə arenasına çıxan finlər 1978-ci ildə Lüksemburqu 1:0 hesabı ilə udmaqla “siftə” edib.

Ötən əsrin 80-90-cı illəri Finlandiya yığmasının inkişaf dövrü sayılır. 1980-ci ildə qitə çempionatının, 6 il sonra dünya çempionatının final mərhələsinə çıxmağa yaxın olan şimallılar əvvəl 1, sonra 2 xalın güdazına gedib. 90-cı illərdə Yari Litmanenin “Ayaks”da parlaması fin futboluma yeni nəfəs gətirib. Bundan ruhlanan federasiya Danimarkanı qitə çempionu edən Riçard Möller-Nilseni yığmaya dəvət edib. Və tarixinin ən böyük uğursuzluğunu yaşayıb. 1998-ci ilin dünya çempionatına gedən yolda Azərbaycanla da qarşılaşan “suomi” İsveçrə və Norveçlə rəqabətdən qalib ayrılırdı. Belə ki, son oyunda Macarıstanı məğlub edəcəyi halda, meydan sahibləri pley-off mərhələsinə yüksələcəkdi. Hesabda 1:0 öndə olan finlər öz qapısına qol vurmaqla, dünya çempionatına “əlvida” deyib. Sonrakı tsikllərdə də daim liderlərin arxasında olan skandinaviyalılar bundan artığına nail olmayıb.

Ümumilikdə, Finlandiya millisi tarixi ərzində 633 oyun keçirib. Bunlardan 150-də qələbə qazanıb, 131-də heç-heçə edən skandinaviyalılar 352 dəfə uduzub. Rəqib qapılarına 752 top vuran rəqibimiz 1433 dəfə özü məyus olub. Bu müddətdə ən böyük hesablı qələbəsini Estoniya üzərində (10:2, 1922) qazanan skandinaviyalılara ən ağır zərbəni Almaniya vurub – 0:13 (1940).

Hazırda rəqibimizi ingiltərəli Stüart Bekster çalışdırır ki, 53 yaşlı baş məşqçi son 16 ildə bu postu tutanlar arasında ən zəif göstəricilərə malikdir. Belə ki, komandanı həmyerlisi Roy Hocsondan qəbul edən Beksterin yetirmələri 6 oyunda 1 qələbə qazanıb, 2 heç-heçə edib və 3 dəfə uduzub.

Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevski 1967-ci ildə Finlandiya ilə SSRİ yığmasının hər iki seçmə oyununda meydana çıxıb. İkinci qarşılaşmada rəqibin qapısına yol tapan hücumçu 5:2 hesablı qələbəyə öz töhfəsini verib.
Elxan Həsənov 1997-2000-ci illərdə Finlandiyada çıxış edib. “Kotka” və TPS komandalarında oynayan qapıçı “göllər ölkəsində” 42 oyun keçirib. Elxanla birgə TPS-də çıxış edən digər Azərbaycan təmsilçisi Vyaçeslav Lıçkin isə 1997-ci ildə güclülər dəstəsində 19 qarşılaşmada 6 qol vurub. Azərbaycan klublarına isə bu şimal ölkəsindən gələn oyunçu olmayıb.

Müstəqillik dövründə Azərbaycan və Finlandiya komandaları 16 dəfə qarşılaşıb. Əsas millilərin 6 görüşündə aşkar üstün olan “suomi” yalnız bir dəfə qələbə qazana bilməyib. Üç dəfə 2:1, iki dəfə 3:0 hesabı ilə üstün olan rəqibimizi yalnız minimal hesabla məğlub edə bilmişik. Digər yığmaların iştirakı ilə keçirilən 6 oyunda da finlərə bir dəfə yerini göstərmişik. U-17 skandinaviyalılara uduzmayıbsa (2:2), U-19 (0:2 və 1:5), U-21 (0:1 və 0:3) hərəyə iki dəfə şimallılar qarşısında aciz qalıb. Yaxşı ki, 19 yaşlı qızlar bu il Finlandiyanı minimal hesabla üstələyib.

Bu ölkə təmsilçiləri ilə digər uğurlu oyunlar klublarımızın hesabındadır. “Xəzər Universiteti” (indiki “İnter”) “Tampere”ni minimal hesabla məğlub edə bilibsə, “Qarabağ” da 90 dəqiqə ərzində eyni hesabla “MüPA”dan üstün olub. Lakin Bakıda 0:1 hesabı ilə uduzan ağdamlılar səfərdəki qələbəni əlavə vaxtda əldən verib – 1:1. “İnter” isə rəqib meydanında böyük hesabla məğlub olub – 0:3. Ümumilikdə, 16 görüşdə komandalarımız 3 qələbə və 2 heç-heçəyə sevinərək 11 dəfə meydanı başıaşağı tərk edib.
0