Hami Mandıralı: “Türkiyə millisi əsl gücünü ortaya qoysa, rahatlıqla final mərhələsinə çıxacaq”
11.10.2008 - 10:13
Hami Mandıralı: “Türkiyə millisi əsl gücünü ortaya qoysa, rahatlıqla final mərhələsinə çıxacaq”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Belarus yığması ilə ilk oyunda qazandığımız nəticəni yaxşı sayıram. Öz meydanımızda qalib gəlməli idik ki, buna da nail olduq. Ancaq qələbəni yaxşı oynamadan qazandıq”. “APA-Sport”un məlumatına görə, bunu Türkiyənin 21 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Hami Mandıralı deyib. 2009-cu il Avropa çempionatının final mərhələsinə çıxmaq uğrunda Belarusla ilk pley-off oyununda rəqibini üstələyən yığmanın 40 yaşlı çalışdırıcısı qələbənin minimal hesablı (1:0) olması narahat etmir. Əksinə, bu qələbəyə görə məmnun olduğunu dilə gətirən Mandıralı istədikləri oyunu nümayiş etdirmədiklərini bildirib: “Belarusu evdə yalnız 1:0 hesabı ilə yenməyimiz kiçildilməməlidir. Əksinə, 1:0 önəmli bir hesabdır. Əsas odur ki, səfərə qol buraxmadan çıxırıq. Hücumda çıxış edən futbolçularımıza arxadan kömək gəlmədi. Oyunçularımıza böyük ümid bəsləsək də, gözlənilən nəticəni almadıq”. Belarusu güclü rəqib hesab edən “Trabzonspor”un sabiq futbolçusu səfərdəki oyunun çətin olacağını düşünür. Bununla belə, Mandıralı final mərhələsinə çıxacaqlarını bildirir: “Rəqib meydanında daha yaxşı oynayacağımıza inanıram. Avropa çempionatına qatılmağı çox arzulayırıq. Türkiyə əsl gücünü ortaya qoysa, onda rahatlıqla final mərhələsinə çıxacaq”.
Qeyd edək ki, Türkiyə yığması cavab görüşünü oktyabrın 14-də Belarusun Borisov şəhər stadionunda keçirəcək. Bakı vaxtı ilə 21:00-da başlayacaq oyun “TRT-1” kanalı ilə canlı yayımlayacaq. Türklər Belarus səddini aşarsa, gələn il iyunun 14-dən 18-dək keçiriləcək final mərhələsinin iştirak edəcək. Bu, 2000-ci ildə hər üç oyunda uduzaraq, qrupda qalan yığmanın final mərhələsində ikinci sınağı olacaq.
0