Platini futbol oyunlarını beş hakimin idarə etməsi praktikasını Sloveniyada izləyəcək
11.10.2008 - 11:04
Platini futbol oyunlarını beş hakimin idarə etməsi praktikasını Sloveniyada izləyəcək
Bakı. Mehman Süleymanov-APA-Sport. UEFA oyunların beş hakimlə idarə edilməsi praktikasını sınamağa başlayıb. “APA-Sport”un məlumatına görə, ilk sınaq bu gün startı veriləcək 19 yaşlı yığma komandalar arasında seçmə mərhələ oyunları zamanı olacaq. Sloveniya, Norveç, Slovakiya və Ermənistan yığmalarının yer aldığı 5-ci qrupda matçlar gələn həftənin çərşənbə gününə qədər davam edəcək. UEFA prezidenti Mişel Platini hakimliklə bağlı yeni sisteminin effektini görmək üçün oyunların keçirildiyi Sloveniyaya gələcək. Baş hakimə meydanda kömək edəcək iki həmkarı qapı xəttinin kənarında qərarlaşacaq və onların vəzifəsi cərimə meydanında baş verən pozuntulara, idmançıya yaraşmayan hərəkətlərə diqqət yetirməkdir.
Qeyd edək ki, hakimlikdə bu eksperimentlə bağlı qərar Futbol Assosiasiyaların Beynəlxalq Şurasının (FABŞ) bu ilin martında keçirilən görüşündə qəbul olunub. Futbol qaydalarını müəyyənləşdirilməsi, qorunmasına cavabdeh olan bu şuraya İngiltərə, Şotlandiya, Uels, İrlandiya Futbol Assosiasiyaları və FİFA daxildir. Futbol oyunlarına beş hakimin təyin olunması ideyası hakim qərarları ilə bağlı prosesin təkmilləşdirilməsi və qolun qeydə alınmasını müəyyənləşdirmək üçün istifadə olunacaq texnologiya bağlı təkliflər nəticəsində yaranıb. Yeni sistemlər FABŞ-nın Şotlandiyadakı toplantısında müzakirə olunub və texnologiyanın yox, daha iki hakimdən istifadə olunması qərara alınıb.


0