Yussi Yaskelaynen: “Azərbaycanla oyunda qələbəni əziyyət çəkmədən qazanmayacağıq”
11.10.2008 - 11:17
Yussi Yaskelaynen: “Azərbaycanla oyunda qələbəni əziyyət çəkmədən qazanmayacağıq”
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. “Azərbaycanla oyunda qələbəni əziyyət çəkmədən qazanmayacağıq. Asan xallar əldə edəcəyimizi xəyalımıza gətirməyimiz belə düz olmazdı”. “APA-Sport”un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının qapıçısı Yussi Yaskelaynen deyib. Dünya çempionatının bu gün keçiriləcək seçmə oyununda Azərbaycan yığması ilə qarşılaşacaq skandinaviyalıların 33 yaşlı futbolçusu erkən qol arzusundadır: “Hamımız bilirik ki, bu qələbə bizə nə qədər zəruridir. Bu vəzifənin yerinə yetirilməsi üçün isə baş məşqçinin tapşırıqlarına əməl olunmalıdır. Qüvvəmizi cinahlar üzrə bərabər paylaşıb kollektiv oyun nümayiş etdirməliyik. Erkən qol vurmaqla istəyimizi gerçəkləşdirməyə bir az da yaxınlaşarıq. Əks halda da istedadlı futbolçularımız Azərbaycanın müdafiə səddini yarmaq iqtidarındadır. Ən önəmlisi isə 85 dəqiqə oynamaqla da kifayətlənməyərək matç boyu konsentrasiyanı itirməməliyik”. Qeyd edək ki, Yaskelaynen Finlandiya milli komandasında 44 oyun keçirib.
0