Məğlubiyyətə səbəb nədir?
12.10.2008 - 14:38
Məğlubiyyətə səbəb nədir?
Bakı. Aqşin Əliyev - APA-Sport. 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilmiş Finlandiya - Azərbaycan (1:0) qarşılaşmasından sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə mətbuat konfransı təşkil olunub. “APA-Sport”un məlumatına görə, yığmamızın çalışdırıcısı Berti Foqts məğlubiyyətin səbəbini izah edib.

62 yaşlı almaniyalı məşqçi bildirib ki, milli komandamızda sonuncu ötürmənin alınmaması nəticəyə təsir göstərib: “Yetirmələrim ikinci hissədə daha yaxşı təsir bağışladılar. Ancaq təəssüf ki, sonuncu ötürmə alınmırdı”. Foqts finlandiyalıların fərqləndikləri penalti epizoduna şərh vermək istəməyib. O, Saşa Yunisoğlunun cərimə meydançasında Sami Hyuyupya ilə mübarizə apardığı anı dəqiq görmədiyini söyləyib.

Finlandiya yığmasının baş məşqçisi Stüart Bakster isə taktiki cəhətdən üstün olduqlarını vurğulayıb: “Biz rəqibə meydanda öz yerini tapmaq imkanı vermədik. Buna görə, qapımız önündə təhlükəli an yaşamadıq. Taktiki cəhətdən yaxşı oynadığımız üçün qələbə qazandıq”.


0