Eto’o “Qalatasaray”da oynamaq istəyir
16.10.2008 - 13:16
Eto’o “Qalatasaray”da oynamaq istəyir
Bakı - APA-Sport. Kamerun milli komandasının və “Barselona”nın hücumçusu Samuel Eto’o karyerasını Türkiyədə davam etdirmək istəyir. “APA-Sport”un məlumatına görə, bunu Eto’onun həmyerlisi, hazırda Türkiyənin “Trabzonspor” klubunun şərəfini qoruyan Riqobert Sonq deyib.

Sonq bildirib ki, ulduz futbolçu “Qalatasaray”ın formasını geyinməyi arzulayır: “İki il əvvəl, “Qalatasaray”da oynadığım vaxtlar Samuellə söhbətim olmuşdu. O, mənimlə eyni komandada çıxış etmək istədiyini söylədi. İndi Eto’o “Barselona”da məmnun nəzərə çarpır. Ancaq onun Türkiyə çempionatında oynamaq arzusu hələ də qalır”.

Qeyd edək ki, 2004-cü ildən “Barselona”nın uğurları üçün çalışan Eto’o bu ilin mayında, Xosep Qvardiolanın baş məşqçi postuna gətirilməsindən dərhal sonra transferə çıxarılmışdı. Bir sıra klublar onu heyətə qatmaq istəsələr də, 27 yaşlı futbolçu cari mövsümə yenə Kataloniya təmsilçisində başlayıb.


0