Zemfira Meftahəddinova karyerasını başa vurur
20.10.2008 - 15:18
Zemfira Meftahəddinova karyerasını başa vurur
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın ən titullu stend atıcısı Zemfira Meftahəddinova karyerasını başa vurmaq haqqında düşünür. Bunu “APA-Sport”a açıqlamasında Meftahəddinova özü deyib. 45 yaşlı idmançı hələlik qəti qərara gəlmədiyini bildirib.

“Pekin Olimpiadasından sonra məşqləri dayandırmışam, hazırda istirahət edirəm. Təqvimdə bu il heç bir yarış yoxdur. Gələn ilin aprelində keçiriləcək lisenziya xarakterli Dünya Kuboku öncəsi yekun qərarımı açıqlayacağam” - deyə Meftahəddinova vurğulayıb.

Sidney Yay Olimpiya Oyunlarının qalibi qatıldığı axırıncı turnirin ardından karyerasını bitirmək fikrinə düşüb. Belə ki, avqustda keçirilmiş Pekin Olimpiadasında mükafat qazana bilməməsi onu məyus edib: “İdmançı karyeramda demək olar, mümkün titulların hamısına yiyələnmişəm. Ancaq Pekindən əliboş döndüyüm üçün çox pərişan oldum. Yaxınlarımı, məşqçimi, azarkeşlərimi də məyus etdim. Gələcəkdə yenə uğursuzluq yaşayacağımdan qorxuram. İstəyirəm ki azarkeşlərim məni qalib kimi xatırlasınlar”.

Qeyd edək ki, Meftahəddinova Pekin Yay Olimpiya Oyunlarında 15-ci yeri tutub.
0