“Xəzər-Lənkəran” planetin ən yaxşısı oldu
21.10.2008 - 15:09
“Xəzər-Lənkəran” planetin ən yaxşısı oldu
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının VIII turunda “Neftçi” üzərində qazandığı 2:0 hesablı qələbə “Xəzər-Lənkəran” üçün əlamətdar olub. Belə ki, lənkəranlılar prinsipial rəqibini məğlub etməklə həm turnir cədvəlində liderlik mövqeyini möhkəmlədib, həm də planetin ən yaxşı klubuna çevrilib.

“APA-Sport”un məlumatına görə, hesabat turundan sonra ölkə çempionatında ardıcıl 7-ci qələbəsini rəsmiləşdirən “Xəzər-Lənkəran” bu uğurlu seriya ilə dünya klubları arasında birincidir. Planetin ən azı 5 oyunun keçirildiyi 126 milli çempionatında ən uzun qələbə seriyası da məhz Rasim Karanın çalışdırdığı komandaya məxsusdur.

87 ölkənin 1901 klubundan yalnız beşi son 7 qarşılaşmanı itkisiz başa vurub. Zirvədə qərarlaşan “Xəzər-Lənkəran”ın bu göstəricidə 4 şəriki var. Məşhur Kiyev “Dinamo”su və iki dəfə təmsilçilərimizə gücünü göstərən Çexiya “Slaviya”sı da ardıcıl 7 oyunda qalib gəlib. Eyni seriyaya malik Malayziyanın “Negeri Sembilan” və Hollandiyanın aşağı dəstə klubu “Venlo” da lənkəranlılarla bərabər addımlayır.
0