“Buraxdığım səhvə görə “Neftçi”dən üzr istəyirəm”
21.10.2008 - 16:16
“Buraxdığım səhvə görə “Neftçi”dən üzr istəyirəm”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Mən futbol ictimaiyyətinin “Xəzər-Lənkəran” -“Neftçi” oyununda ilk qolu düzgün qeydə almamağımla bağlı fikirlərinə hörmətlə yanaşıram. Ancaq indinin özündə belə mənə elə gəlir ki, həmin epizodda doğru qərar çıxarmışam”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan Premyer Liqasının son turunda “Xəzər-Lənkəran” və “Neftçi” (2:0) arasında keçirilmiş mərkəzi görüşün yan xətt hakimi Azər Əsgərov deyib.

AFFA Hakimlər Komitəsi tərəfindən bu gün üç oyunluq cəzalandırılan Əsgərov matçın videoyazısını bir neçə dəfə izlədiyini söyləyib: “Həmin epizodun videoyazısını o qədər irəliyə-geriyə fırlamışam ki, artıq lent cızılıb. Ola bilsin ki, mən səhv etmişəm, bunu etiraf edirəm. Ancaq yenə daxili qüvvəm mənə deyir ki, həmin epizod 10 dəfə də təkrarlansa, eyni qərarı verərdim. Yaxşı mövqe seçmişdim, futbolçularla bir xətdə idim. Ötürmə anında “Xəzər-Lənkəran”ın hücumçusu İvan Svetkovun “Neftçi”nin müdafiəçisi Rəşad Sadıqovla eyni xətdə olmasını gördüm. Əgər Svetkovun Sadıqovdan irəlidə olduğunu görsəydim, təbii ki, bayrağımı qaldırıb, ofsayd qeydə alacaqdım”.

Onun idarəçiliyi hakim-inspektor Azad Feyzullayev tərəfindən 8 balla qiymətləndirilib. Əsgərov matçdan sonra komandaların heç bir nümayəndəsinin ona irad bildirmədiyini də vurğulayıb: “Səhvim varsa, Hakimlər Komitəsinin mənimlə bağlı çıxardığı cəza qərarını haqlı sayaraq, bununla razılaşıram. “Neftçi”dən, onun futbolçularından da buraxdığım nöqsana görə üzr istəyə bilərəm. Sadəcə, söylənilənlərə əmin olmaq üçün mən duran xətdən çəkilişə baxmaq istərdim. Ancaq çəkilişlərin hamısı əks tərəfdəndir və epizodu dəqiq görmək qeyri-mümkündür. Gələcəkdə digər hakimlərin mənim aqibətimlə üzləşməməsi üçün hər iki tərəfdən çəkilişin aparılmasını arzulayıram”.


0