RADO-nun Bakı toplantısı başa çatdı
21.10.2008 - 18:43
RADO-nun Bakı toplantısı başa çatdı
Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün Bakıda Şərqi Avropa Regional Antidopinq Təşkilatının (RADO) idarə rəhbərlərinin şurasının iclası başa çatıb. “APA-Sport”un məlumatına görə, sayca 4-cü olan toplantıya 12 ölkənin nümayəndələri qatılıb.

Konfrans iştirakçıları dopinq haqqında qanun, idarə heyəti şurasının tərkibinin artırılması və müxtəlif ölkələrin dopinq sahəsində problemlərini müzakirə ediblər. Yekunda 12 dövlətin qarşılıqlı əməkdaşlığına dair saziş imzalanıb.

RADO-nun idarə rəhbərləri jurnalistlər üçün mətbuat konfransı da keçiriblər. Qurumun direktoru Jan Pyer Mozer Pekin Olimpiadasında bürünc medal qazanan cüdoçumuz Mövlud Mirəliyevin yarımfinalda uduzduğu monqolustanlı idmançının dopinqdən istifadə etməsi ilə bağlı iddialara münasibət bildirib: “Bu məsələ bizim səlahiyyətimiz xaricindədir. Ona görə də buna mənim şərh verməyim düzgün çıxmaz”.

Mozer Azərbaycanın qadınlardan ibarət otüstü hokkey yığmasının Pekin Yay Olimpiya Oyunlarından kənarda qalması məsələsinə də geniş şərh vermək istəməyib. Onun fikrincə, komandamızı bu nüfuzlu vəsiqə qazana bilməməsinə əsas səbəblərindən biri - İspaniya yığmasının iki üzvünün dopinq-testdə ilişməsi sübuta yetirilsə də, Beynəlxalq İdman Arbitraj Məhkəməsinin rəqibin lehinə çıxardığı qərar həlledici olub.

RADO-nun elmi məsələlər üzrə şöbəsinin müdiri Viktoriya İvanova isə Azərbaycanda antidopinq laboratoriyasının perspektivinə toxunub. İvanova bildirib ki, hazırda dünyada 34 laboratoriya fəaliyyət göstərir: “Bu tip müəssisənin ölkənizdə açılması üçün bir sıra tələblərin yerinə yetirilməsi vacibdir. Ona görə də Azərbaycan idmançılarından götürülən dopinq-testlər bir müddət yaxın xarici ölkələrdə yoxlanılacaq”.

Mətbuat konfransının sonunda RADO-nun Azərbaycan Gənclər və İdman Nazirliyinin sifarişi əsasında hazırlanan rəsmi saytının təqdimatı keçirilib.


0